AZ

Lirənin zəifləməsi region ticarətinə və investisiya mühitinə təsir edir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Mərkəzi Bankı 2026–2028-ci illər üçün inflyasiya proqnozlarını yüksəldərək, regionda davam edən geosiyasi gərginliklərin iqtisadi təsirlərini açıq şəkildə etiraf edib. Bankın sədri Fatih Karahan enerji və nəqliyyat sahəsində qiymət artımlarının inflyasiyaya ciddi təsir göstərdiyini vurğulayaraq, ehtiyatlı və məlumat əsaslı siyasətin davam etdiriləcəyini bildirib. Eyni zamanda, lirənin məzənnəsini qorumaq üçün milyardlarla dollar ehtiyatın xərclənməsi Türkiyə iqtisadiyyatında risklərin hələ də yüksək olaraq qaldığını göstərir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Mərkəzi Bankının inflyasiya proqnozlarını yuxarı qaldırması iqtisadi sabitliyin bərpasının planlaşdırıldığından daha uzun çəkəcəyinin dolayı etirafıdır. Onun fikrincə, inflyasiya hədəfinin yüksəldilməsi uğur göstəricisi deyil, əksinə, gözlənilən iqtisadi irəliləyişin ləngidiyini göstərən bir siqnaldır.

İqtisadçı qeyd edib ki, geosiyasi gərginliklərin enerji və nəqliyyat xərclərinə təsiri, eləcə də valyuta ehtiyatlarının müdafiə məqsədilə xərclənməsi Türkiyə iqtisadiyyatının hələ də xarici şoklara qarşı kövrək olduğunu sübut edir. Onun sözlərinə görə, Karahanın “ehtiyatlı siyasət” yanaşması yaxın dövrdə sürətli faiz endirimlərinin gözlənilmədiyini göstərir ki, bu da biznes və investisiya mühitində qeyri-müəyyənliyi uzadır.

Akif Nəsirli bildirib ki, bu vəziyyətin Azərbaycan üçün də bir sıra təsirləri var. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu üçün lirənin zəifləməsi Azərbaycan ixracını nisbətən bahalaşdıra, Türkiyə mallarını isə daha ucuz edə bilər. Bu isə xüsusilə qeyri-neft sektorunda rəqabəti çətinləşdirir.

O həmçinin qeyd edib ki, lirənin dəyərsizləşməsi Türkiyəni Azərbaycanlı turistlər üçün daha cəlbedici etsə də, Azərbaycandan Türkiyəyə göndərilən pul köçürmələrinin real dəyərini azaldır. Enerji əməkdaşlığı çərçivəsində TANAP və digər enerji infrastrukturu layihələrində xərclər Türkiyədəki inflyasiyadan birbaşa təsirlənir və bu da layihələrin maya dəyərini artıra bilər.

İqtisadçıya görə, Türkiyənin iqtisadi ləngiməsi Azərbaycan üçün sistemik təhlükə yaratmasa da, ticarət balansı, enerji layihələri və regional investisiya mühiti baxımından diqqətlə izlənilməli bir proses olaraq qalır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr