Bizimyol saytına istinadən ain.az xəbər verir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni siyasi və geosiyasi yanaşma ortaya qoydu. Bu dövrdən etibarən Bakı “regional sahiblik konsepsiyası” ilə çıxış edərək liderlik rolunu daha da gücləndirib. Eyni zamanda bəzi beynəlxalq təşkilatlarda, xüsusilə
Avropa Parlamentində Azərbaycana qarşı ziddiyyətli və siyasi motivli yanaşmaların müşahidə olunduğu bildirilir.
Bu kimi ziddiyyətli yanaşmalar Azərbaycanın Avropa İttifaqı ilə gələcək əməkdaşlıq dinamikasına necə təsir edə bilər?
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər hər zaman enişli-yoxuşlu olub və bu qurum daim Azərbaycanı hədəf alan mövqe sərgiləyib.
“İlk dəfə deyil ki, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin parlamentariləri ilə birgə təşkil etdiyi Avronest Parlament Assambleyasında üzvlüyü donduran qərar qəbul edir. 2015-ci il parlament seçkiləri ərəfəsində Avropa Parlamenti ölkəmizə qarşı sərt çağırışlar edən qətnamə qəbul etdiyinə görə də oxşar qərar verilmişdi. Münasibətlər yalnız 2016-cı ilin sentyabrında, yəni bir ildən sonra bərpa olunmuşdu. Burada 2016-cı ilin Aprel döyüşləri həlledici məqam kimi qiymətləndirilə bilər. Daim ermənilərə ‘çətir’ olan bu qurum parlamentlərarası dialoqun bərpasını erməniləri qorumaq üçün mühüm vasitə hesab edirdi. Yəni burada yenə Avropa Parlamentinin qeyri-səmimi mövqeyi vardı”, – deyə politoloq bildirib.
Şəhla Cəlilzadənin sözlərinə görə, 2020–2023-cü illərin hərbi-siyasi proseslərindən və Azərbaycanın öz mövqeyini təmin etməsindən sonra Avropa Parlamenti sağlam məntiqə, ədalətə və beynəlxalq hüquq prinsiplərinə uyğun gəlməyən çoxsaylı qətnamələr qəbul edib.
“2020-ci ildən ötən dövrdə 14 qərəzli qətnamə qəbul olunub. Azərbaycanın belə bir qurumla əməkdaşlığı dondurması doğru addımdır. Lakin bu, Avropa ilə əməkdaşlığın dondurulması demək deyil. Əksinə, münasibətlər xüsusilə 10-dan çox Aİ üzvü dövlətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, – deyə o qeyd edib.
Politoloq hesab edir ki, qlobal proseslər fonunda Avropa ilə siyasi dialoq üçün yeni və daha işlək mexanizmlər formalaşır. Bu mexanizmlərdən biri də Avropa Siyasi Birliyidir.
“Cənab Prezident son olaraq İrəvan Zirvəsində çıxışı zamanı bildirdi ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Xüsusilə Avropanın artan enerji təhlükəsizliyi ehtiyacları və yeni nəqliyyat-logistika marşrutlarına marağı fonunda Azərbaycanla Avropa arasında əməkdaşlığın qarşıdakı dövrdə daha da artacağını söyləmək olar”, – deyə politoloq vurğulayıb.
Şəhla Cəlilzadənin fikrincə, Avropa Parlamenti gələcəkdə Azərbaycan-Ermənistan sülh prosesinin və Avropa İttifaqı–Azərbaycan strateji tərəfdaşlığının nəticələrini gördükcə, ölkəmizə qarşı qərəzli mövqeyindən geri çəkilə bilər. Yalnız bundan sonra münasibətlərin tam şəkildə bərpası mümkün ola bilər.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.