AZ

"Dünyanın gələcəyi Pekində formalaşır" - Deputatdan diqqətçəkən AÇIQLAMA

Bildiyimiz kimi dünən ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib və Çin dövlət başçısı Si Cinpin ilə görüşüb. Si Cinpin görüş zamanı bildirib ki, Çin və ABŞ tərəfdaşlıq qurmalı və bütün dünyanın rifahı üçün sabit ikitərəfli əlaqələr təmin etməlidir.

ABŞ dövlət katibi Marko Rubio isə bəyan edib ki, Vaşinqton Çini İrana kömək etməyin ABŞ-Çin münasibətlərinə zərər verəcəyi barədə məlumatlandırıb.

Trampın Çinə səfərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd etdi ki, bu gün dünyanın çox maraqla və səbirsizliklə gözlədiyi Si Cinpin-Tramp görüşünün nəticələri artıq yavaş-yavaş təhlil edilir.

Millət vəkilinin sözlərinə görə, bütün dünyanın diqqəti hazırda Pekindədir:

"Səfər o mənaya gəlir ki, dünyada əsas iki supergüc, hegemon ölkələr dünyanın siyasi gündəmini, geosiyasi gündəliyini formalaşdırıb müzakirə edirlər. Çin şərq yarımkürəsinin ən böyük supergücü, Amerika isə qərb yarımkürəsinin böyük supergücüdür. Hesab edirəm ki, Amerikanın Yaxın Şərqdə İran ətrafında hədəfinə çatmaması Trampın Çinlə masaya əyləşəndə gücünü, rolunu bir az azaltmış oldu. Əgər İran kapitulyasiya etsəydi, təbii ki, Tramp Hörmüz boğazı ətrafındakı vəziyyətə nəzarət edən bir tərəf kimi daha güclü şəkildə Çinə getmiş olardı. Ancaq bu, belə deyil. Ona görə burada Çinin daha çox fürsətdən istifadə edərək Amerika ilə bəzi müəyyən məsələlərdə güzəşt tələb edəcəyini düşünürəm.

Marko Rubio da xüsusilə qeyd edib ki, Çinin İrana dəstək verməsi ikitərəfli ABŞ-Çin münasibətlərinə xələl gətirir, bu o mənaya gəlir ki, bizim indiyənə qədər bildirdiyimiz və iddia etdiyimiz məlumatlar öz təsdiqini tapır. Belə ki, Çinin İrana dəstək verməsi artıq Rubionun da dilə gətirməsinə səbəb olub. O bildirib ki, bu, münasibətlərə zərər gətirə bilər. Demək ki, Çin İranın müqavimət göstərməsində, ABŞ-İsrail hücumuna qarşı dözə bilməsində əsas rol oynayıb".

Tural Gəncəliyevin sözlərinə görə, Çinin “Beydu” adlı peyk vasitəsilə İrana dəstək verməsi, kəşfiyyat xarakterli kosmik kəşfiyyat məlumatlarının İrana təqdim edilməsi Tehrana dəstək olub ki, İran Amerika qüvvələrinin, İsrail qüvvələrinin Hörmüz boğazında nəzarəti tam ələ ala bilməsinə imkan verməyib. Onun fikrincə, bu, çox önəmli bir məsələdir:

"Rubionun bu açıqlaması bir tərəfdən də ona dəlalət edir ki, ABŞ Çindən xahiş edəcək ki, İrana dəstək dayandırılsın. Ancaq əvəzində nə ola bilər? Ola bilər ki, ABŞ Çinin Tayvan üzərində nəzarəti ələ almasına müəyyən mənada güzəştə gedə bilər. Çin ola bilsin ki, Tayvan üzərində məsələnin həll edilməsinin fürsət yarandığını düşünür. Çin bu görüşə Tayvanın Çinin ərazi bütövlüyünə, suverenliyinə birləşdirilməsi, ərazi bütövlüyünə qatılmasından ötrü fürsət kimi baxa bilər.

ABŞ nümayəndə heyətinin tərkibinə diqqət etsək, xüsusi texnoloji şirkət rəhbərlərinin və digər hərbi texnoloji şirkətlərin, çip istehsalı ilə məşğul olan böyük şirkətlərin ABŞ nümayəndə heyətinin tərkibində olması ona dəlalət edir ki, dünya iqtisadiyyatı ilə bağlı da çox güclü müzakirələr aparılacaq. Dünyanın gələcək rəqəmsal formaya və yeni qlobal rəqəmsal dünyaya keçid məsələlərini məhz ABŞ və Çin öz aralarında razılaşdırıb, dünyanı öz nüfuz dairələrinə, əhatə dairəsinə bölməyə çalışacaqlar. Hazırda dünyada ABŞ hegemonluğunun, təkhegemonlu ABŞ dövrünün artıq başa çatdığını görürük. Tramp öz ayaqları ilə Çinə səfər edir. Si Cinpinin heç vaxt Vaşinqtona səfər etməməsi göstərir ki, hazırda dünyanın nəbzi və dünyanın gələcəyi məhz Pekində formalaşır".

Aytəkin TOFİQQIZI

Seçilən
60
1
redaktor.az

2Mənbələr