AZ

BDU da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 14 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin beşinci görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə “Müasir dövrün publisistikası” mövzusunda danışıb.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova parlaq söz və fikir adamı olan Flora Xəlilzadənin Jurnalistika fakültəsinə daim bağlı olduğunu deyib. Əməkdar jurnalistin Nəsir İmanquliyev işığına toplaşan tələbələr üçün istər xatirələri, istər təcrübəsi, istərsə də yaradıcılığı ilə dəyərli töhfə verəcəyinə inamını ifadə edib, onları bu görüşdən maksimum yararlanmağa çağırıb.

Daha sonra Flora Xəlilzadə professor Nəsir İmanquliyev ilə bağlı xatirələrini bölüşüb. Nəsir İmanquliyevin tələbələrin dostu, nəcib insan, dəyərli professor və əsl jurnalist kimi milli jurnalistikamızda unudulmaz iz qoyduğunu deyən Əməkdar jurnalist onun məktəbinin yetirmələrini “xoşbəxt” adlandırıb: “Nəsir müəllim sovet dövrünün bütün qadağalarına baxmayaraq, tələbə jurnalistlərə milli mətbuatımızı aşılayır, kimliyimizi unutdurmurdu. O, daim tələbələrin yanında idi, onları ürəkləndirir, seçdikləri peşəyə, işə həvəsləndirirdi. “Bakı” və “Baku” qəzetləri tələbə yaradıcılıq emalatxanası kimi fakültə tələbələrinin ilk iş yerinə çevrilmişdi”.

Nəsir İmanquliyevin qoyduğu peşəkarlıq izi ilə gedənlərin heç zaman büdrəmədiyini deyən Flora Xəlilzadə bugünkü publisistikamızda hələ də onun izlərinin yaşadığını qeyd edib: “Müasir publisistikada da hər şey ənənəviliyə dayanmalıdır. Bünövrəsiz bina tikilmədiyi kimi, ənənələrimizi tərk edərək müasirliyə qaça bilmərik. Amma yenilikdən də geri qalmamalıyıq. Əsl jurnalist bu balansı qorumalıdır”.

Flora Xəlilzadə fakültənin Famil Mehdi, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov kimi korifey müəllimlərinin adını çəkərək onlardan əsl vətəndaşlıq mövqeyi, milli kimlik dərsləri aldıqlarını, ədəbi redaktənin əsaslarını öyrəndiklərini bildirib: “Jurnalist dilimizə, onun ədəbi və üslubi qaydalarına tam hakim olmalıdır. Öz ana dilində düzgün yaza bilməyən, janrları tanımayan və ən əsası, publisistikadan keçməyən şəxslər peşəkar jurnalist ola bilməzlər. Bu baxımdan ali təhsilimizin bayraqdarı olan BDU-nun Jurnalistika fakültəsi ən yaxşı məktəbdir”.

Görüşün davamında tələbələrin sualları cavablandırılıb.

Sonda çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva və Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə uğurla keçirilən layihənin hər görüşünün tələbə jurnalistlərdə xoş təəssürat yaratdığını deyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr