Ukraynanın vergi islahatları, kölgə iqtisadiyyatı və beynəlxalq maliyyələşmə öhdəlikləri yenidən gündəmdədir...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Beynəlxalq Valyuta Fondu (BVF) rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, BVF-nin əməkdaşları yaxın həftələrdə Ukraynaya səfər edərək ölkənin 8,1 milyard dollarlıq kredit proqramı çərçivəsində götürdüyü öhdəliklərin icrasını yoxlayacaqlar.
Məlumata əsasən, səfərin əsas məqsədi islahatların gedişatını və vergi bazasının genişləndirilməsi istiqamətində atılan addımları qiymətləndirməkdir. Proqram 2024-cü ilin fevralında təsdiqlənib və onun formal icmalının iyun ayında keçirilməsi planlaşdırılır.
BVF-nin nümayəndəsi Culi Kozak bildirib ki, Ukrayna həm xarici maliyyə dəstəyi, həm də daxili resurslar hesabına “çox böyük” büdcə ehtiyaclarını qarşılamaq məcburiyyətindədir. Onun sözlərinə görə, ölkə vergi bazasını genişləndirməli və hazırda ÜDM-in təxminən 45 faizini təşkil etdiyi qiymətləndirilən kölgə iqtisadiyyatını formal sektora daxil etməlidir.
Proqram çərçivəsində nəzərdə tutulan şərtlərə vergi islahatları və Avropa İttifaqına üzvlük istiqamətində tələb olunan struktur dəyişiklikləri də daxildir. Bu islahatlar eyni zamanda donor maliyyəsinin davamlılığının təmin olunması üçün əsas şərt kimi qiymətləndirilir.
Ukrayna parlamentində isə aşağı dəyərli xarici bağlamalara ƏDV tətbiqi və özünüməşğul şəxslər üçün vergi mexanizminin genişləndirilməsi ilə bağlı qanun layihələrinin qəbulunda çətinliklər qalmaqdadır. BVF proqramı çərçivəsində bu məsələlərin də müzakirə olunacağı bildirilir, lakin kredit şərtlərinin yumşaldılması ilə bağlı BVF rəsmisi hər hansı şərh verməyib.
Poliqon.info