Sumqayıt Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən S.Əsgərovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq saxlanıldığı istintaq təcridxanasından azad edilib.
İttihama əsasən, S.Əsgərova tamah niyyəti ilə 2016-2021-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının Iğdır şəhərinə gedib və orada zərərçəkmiş qadınları cinsi istismara qoyub.
Məlumata görə, o, Iğdır şəhərində tanış olduğu zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) yaşayış yeri ilə təmin edəcəyinə inandıraraq onun etibarını qazanıb, daha sonra isə qadının sosial və psixoloji zəif vəziyyətindən istifadə etməklə onu cinsi istismara cəlb etmək qərarına gəlib.
İstintaq materiallarında qeyd olunub ki, S.Əsgərova şəxsiyyəti istintaqla müəyyənləşdirilməyən Türkiyə vətəndaşı “Mustafa” adlı şəxslə qabaqcadan əlbir olaraq fəaliyyət göstərib. Təqsirləndirilən şəxs zərərçəkmiş S.S.-ə aid şəxsi və rüsvayedici məlumatları yayacağı ilə hədələyərək onun ümumvətəndaş pasportunu əlindən alıb və sənədi özündə saxlayıb. Bundan sonra qadın Iğdır şəhərində kirayə tutulmuş mənzillərdə və müxtəlif hotellərdə kişi müştərilərlə pul müqabilində görüşdürülüb, cinsi əlaqəyə məcbur edilib.
Məhkəmə sənədlərinə əsasən, həmin əməllər 2016-cı ilin fevral ayından başlayaraq bir neçə ay davam edib. Təqsirləndirilən şəxs zərərçəkmiş qadını dəfələrlə Azərbaycandan Türkiyəyə apararaq eyni məqsədlə istismar edib. İstintaqla müəyyən olunub ki, S.Əsgərova qadının Türkiyədə kişi müştərilərlə cinsi əlaqədə olmasını əks etdirən videogörüntülər və digər məlumatlarla onu şantaj edib, həmin materialları yaxınlarına yayacağı ilə hədələyərək yenidən Türkiyəyə qayıtmağa məcbur edib.
Cinayət işinin materiallarına görə, 2016-cı ilin mart, aprel və avqust aylarında zərərçəkmiş şəxs mobil telefon vasitəsilə əlaqə saxlanılaraq təkrarən Türkiyəyə aparılıb. Təqsirləndirilən şəxs bütün yol xərclərini ödəyib, qadının dövlət sərhədini keçməsini təşkil edib və Iğdır şəhərində yerləşən kirayə mənzillərdə saxlayaraq müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürüb. Hər dəfə qadının pasportu əlindən alınaraq onda saxlanılıb və bu yolla onun sərbəst hərəkət imkanları məhdudlaşdırılıb.
İttihamda göstərilib ki, S.Əsgərova zərərçəkmiş şəxsin zəif vəziyyətindən istifadə etməklə, hədə-qorxu və məcburetmə üsulları tətbiq etməklə insan alveri cinayətini təkrar törədib. Eyni zamanda, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər etməkdə də təqsirləndirilir.
Məlumata görə, S.Əsgərova qeyd edilən dövrlər ərzində azərbaycanlı bir neçə qadını da eyni üsulla aldadaraq Türkiyədə cinsi istismara məruz qoyub.
Məhkəmə araşdırmaları zamanı istintaq orqanı tərəfindən təqdim olunan materiallarda zərərçəkmiş şəxsin müxtəlif tarixlərdə Azərbaycan-Türkiyə sərhədini keçməsi, Iğdır şəhərində qalması, eləcə də cinsi istismara məruz qalması ilə bağlı məlumatların öz əksini tapdığı bildirilib.