AZ

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

Bakı, 15 may, AZƏRTAC

15 may dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, həmin qeyri-rəsmi ekoloji bayramın təsis edilməsi meteoroloqların iqlimin qorunmasına dair çağırışına cavab olaraq meydana gəlib. Çünki iqlim həm indiki, həm də gələcək nəsillərin rifahına təsir edən mühüm resurs hesab olunur.

İqlimin qorunması bu gün bəşəriyyətin qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında ozonun səviyyəsinin artması, təbii fəlakətlər, planetdə hava şəraitinin dəyişməsi Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır. Bu isə insanların ərzaq, həyat və əmlak təhlükəsizliyinə mənfi təsir göstərir, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin balanslı inkişafına ciddi zərbə vurur.

Yalnız son 35 ildə planetdə iqlim dəyişiklikləri kəskin sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları qeydə alınır.

Müasir elmlər Yer kürəsində temperaturun daha da artacağı təqdirdə fəlakətli iqlim dəyişikliklərinin nə qədər tez baş verəcəyinə dəqiq cavab verə bilmir. Lakin ekoloq və meteoroloqların fikrincə, bəşəriyyət bu dəyişiklikləri gecikdirmək gücünə malikdir.

Planetdə geri dönməz iqlim dəyişikliklərinə səbəb olan əsas problemlərdən biri atmosferdə istixana qazlarının konsentrasiyasının artmasıdır. Bu məsələ ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer Sammiti”ndə qlobal səviyyədə müzakirə olunub. Dünyanın 180-dən çox ölkəsinin nümayəndələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalayıblar. Həmin saziş dövlətlərin atmosferdəki istixana qazlarının səviyyəsini sabitləşdirmək üçün ümumi fəaliyyət prinsiplərini müəyyən edib ki, bu da Yer kürəsinin iqlim sisteminə qlobal antropogen təsirin qarşısını almağa yönəlib.

1997-ci ilin sonunda Yaponiyanın Kioto şəhərində keçirilən Konvensiya tərəflərinin üçüncü konfransında məşhur Kioto Protokolu qəbul olunub. Bu beynəlxalq sənəd inkişaf etmiş ölkələri və keçid iqtisadiyyatına malik dövlətləri 2008–2012-ci illərdə istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə azaltmağa və ya sabitləşdirməyə öhdəlikləndirirdi.

Bundan 10 il sonra — 2007-ci ilin dekabrında İndoneziyanın Bali adasında iqlim dəyişikliklərinə həsr olunan növbəti BMT konfransı keçirilib. 190-dan çox dövlətin nümayəndələrinin qatıldığı tədbirdə dünya liderləri ticarət və sənaye sektorunda karbon qazı emissiyalarının azaldılması üçün zəruri addımlar atmağa çağıran beynəlxalq saziş imzalayıblar.

Yer kürəsinin iqliminin qorunması hər bir planet sakininin davranışından da asılıdır. Bunun üçün, məsələn, avtomobildən daha az istifadə etmək, mənzillərdə enerjiyə qənaət edən işıqlandırma vasitələrindən yararlanmaq, ağacəkmə aksiyalarında iştirak etmək və yaşıllıqları qorumaq kifayətdir.

İlk baxışda bunlar kiçik addımlar kimi görünə bilər. Lakin bu “kiçik” addımlar planet əhalisinin sayı ilə müqayisədə çox böyük əhəmiyyət qazanır.

Müxbir - Göyçək Mahmudlu

Seçilən
61
6
azertag.az

7Mənbələr