AZ

Terror­suz Türkiyə prosesi ilə bağlı yeni mərhələyə start verilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə uzun müddətdir müzakirə olunan “terror­suz Türkiyə” prosesi ilə bağlı yeni mərhələnin başladığı bildirilir. Məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının silah buraxması məsələsi ilə bağlı Kandildə təmaslara başlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, Milli Kəşfiyyat Təşkilatı və təhlükəsizlik strukturlarından ibarət nümayəndə heyəti hazırda PKK rəhbərliyi ilə əlaqə saxlayır. Görüşlər çərçivəsində təşkilatdan silahların təhvil verilməsi üçün konkret təqvim və yol xəritəsi təqdim etməsi tələb olunub.

Mənbələrin məlumatına görə, yaxın bir həftə və ya on gün ərzində təşkilatın hazırladığı yol xəritəsinin ortaya çıxacağı gözlənilir. Həmin sənəddə mağaraların boşaldılması, silah anbarlarının ləğvi və təşkilatın hərbi imkanlarının inventarlaşdırılması ilə bağlı detallı planın yer alacağı bildirilir.

Qeyd olunur ki, Kandillə aparılan müzakirələr başa çatdıqdan sonra təhlükəsizlik qurumlarının nümayəndələri Türkiyəyə qayıdacaq və təşkilatdan gələn təkliflər hökumətin hazırladığı hüquqi və inzibati planlarla müqayisə ediləcək. Bundan sonra ortaq məqamların müəyyənləşdirilməsi və həyata keçirilməsi mümkün olan tələblərin qiymətləndirilməsi nəzərdə tutulur.

Məlumata görə, proses mərhələli şəkildə həyata keçiriləcək və qarşılıqlı addımlar xüsusi təqvim əsasında koordinasiya olunacaq. Türkiyə mediasında bu mexanizm “fermuar sistemi” kimi xarakterizə edilir.

Xəbərdə həmçinin qeyd olunur ki, PKK lideri Abdullah Öcalan ilə də yüksək səviyyədə təmasların davam etdiyi bildirilir. Görüşlər zamanı silahların buraxılması prosesi ilə yanaşı, gələcək hüquqi və qanunvericilik addımlarının da müzakirə olunduğu iddia edilir.

Hakim Ədalət və İnkişaf Partiyasına yaxın mənbələr isə hökumətin proseslə bağlı hazırlıqlarını tamamladığını bildiriblər. Məlumata görə, nəzərdə tutulan addımlar inzibati qərarlar, hüquqi dəyişikliklər və prezident sərəncamları vasitəsilə həyata keçirilə bilər.

Partiya mənbələrinin açıqlamasında qeyd olunub ki, silah buraxaraq Türkiyəyə qayıdan şəxslərlə bağlı müəyyən prosedurlar tətbiq ediləcək. İraq və ya Suriyada qalmağa qərar verən şəxslərin isə həmin ölkələrin qanunvericiliyinə tabe olacağı vurğulanıb.

Seçilən
20
turkic.world

1Mənbələr