1993-cü ilin noyabr ayında doğma yurdumu tərk etməyə məcbur qaldım. İllərlə qəlbimdə yaşatdığım torpaq həsrəti artıq sona çatır. Şükür Allaha, bu gün yenidən doğma obamıza qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkün Akif İsmayılov deyib.
“Həmin torpaqlara qayıdış sevincim sözlə ifadə edilməyəcək qədər böyükdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu qayıdış illərlə aparılan mübarizənin nəticəsidir. Prezidentimizə uzun ömür arzulayıram. Bu gün onun uğurlu siyasəti və qələbəsi sayəsində yenidən kəndimizə gedirik”, - deyə A.İsmayılov söyləyib.
O qeyd edib ki, qayıdışın əsas məqsədi yalnız yaşamaq deyil, həm də doğma torpaqları yenidən qurub dirçəldəcəyik: “Yaradacağıq, kəndimizi yenidən quracağıq. Qarabağı qurub-yaratmaq üçün gedirik. Şəhidlərimizin xatirəsini yad etmək üçün gedirik. Onlar o torpaqlar uğrunda canlarından keçdilər, qan tökdülər ki, biz bu gün geri qayıdırıq”.
“Mən özüm də Qarabağ veteranıyam, Birinci Qarabağ döyüşlərində iştirak etmişəm. O əziyyətləri, çətinlikləri yaşamışam. Döyüşlərin ağırlığını yaxından görmüşəm. Bu səbəbdən doğma torpaqlara qayıdaraq quruculuq işlərində iştirak etməyi özümə mənəvi borc hesab edirəm.
Çünki şəhidlərimizin ruhu şad olsun. Onlar o torpaqlarda can qoyublar”, - deyə keçmiş məcburi köçkün vurğulayıb.
Sonda sakin bildirib ki, illərlə yaşatdıqları ümid bu gün gerçəyə çevrilib. Həmişə ümidlə yaşamışıq. Şükür Allaha ki, bu gün həmin ümidimiz gerçəkləşir.