AZ

Qubada Yaponiya investorları ilə işgüzar görüş keçirilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Quba şəhərində Quba İş Adamlarına Dəstək Platforması və Azərbaycan Franşayzinq Assosiasiyası tərəfindən “Miss Sake Azərbaycan 2026” layihəsi çərçivəsində seçim mərhələsi və Yaponiya investorları ilə işgüzar görüş təşkil olunub.

TurkicWorld xəbər verir ki, mayın 11-də keçirilən tədbirdə əsas məqsəd Azərbaycan ilə Yaponiya arasında mədəni, iqtisadi və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi, regionun iqtisadi potensialının beynəlxalq tərəfdaşlara təqdim edilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Tədbir çərçivəsində “Miss Sake Azərbaycan 2026” layihəsinin seçim mərhələsi də baş tutub. İştirakçılar Azərbaycan mədəniyyətinin təqdimatı, ünsiyyət bacarıqları, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanları və ictimai fəallıq səviyyələrinə görə qiymətləndirilib.

Təşkilatçılar bildiriblər ki, layihə çərçivəsində seçiləcək nümayəndə gələcəkdə Azərbaycan ilə Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi və iki ölkə arasında ictimai diplomatiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Tədbirdə həmçinin regionun investisiya imkanları, turizm potensialı və sahibkarlıq mühiti barədə təqdimatlar keçirilib. Yaponiya investorları ilə yerli iş adamları arasında keçirilən görüşdə gələcək əməkdaşlıq perspektivləri və birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Analitiklərin fikrincə, bu cür tədbirlər regionların beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi, xarici investisiyaların cəlbi və mədəni diplomatiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
17
turkic.world

1Mənbələr