AZ

Arxeoloqlar viski qaçaqmalçılarının əsrlərlə gizli qalan sirrini açıb

Şotlandiyalı arxeoloqlardan ibarət qrup Ben Lawers qoruğunda vaxtilə qanunsuz viski istehsalı üçün istifadə edilmiş mis distillə aparatının bir hissəsini tapıb...

Poliqon xəbər verir ki, The Herald nəşrinin məlumatına görə, bu tapıntı həmin ərazidə aşkarlanan daş tikilinin gizli içki istehsalı məkanı kimi istifadə olunduğunu sübut edir.

Tapılan əşya mis ərintisindən hazırlanmış konusvari halqadır və distillə aparatının qolu ilə başlığı arasında birləşdirici detal rolunu oynayıb. Bu ehtimal XX əsrin əvvəllərinə aid qel dilində hazırlanmış lüğətdəki illüstrasiya ilə də təsdiqlənib. Həmin materialda ənənəvi distillə aparatının hissələri təsvir və adlandırılıb.

Qazıntılar zamanı qeyri-qanuni distillə fəaliyyətini təsdiqləyən digər yaxşı qorunmuş artefaktlar da aşkarlanıb. Bunlara möhkəm qurulmuş ocaq, yanğın izləri, döşəmənin altından keçən və daşla örtülmüş drenaj sistemi, həmçinin damı saxlamaq üçün istifadə edilən taxta dirək daxildir.

Şotlandiyanın Milli Fondundan olan arxeoloqlar hesab edirlər ki, tikili divarların uçmasından sonra dağıntılar altında qalıb.

Ben Lawers ərazisində viskinin qanunsuz istehsalı üçün istifadə edilmiş buna bənzər daha beş tikili mövcuddur. Lakin əsl distillə aparatına aid komponentin tapılması bu məkan üçün unikal hadisə sayılır.

XVIII əsrdə Şotlandiyada əsrlərlə davam edən viski istehsalı qanunsuz elan edilmişdi. Problemlərdən yayınmaq üçün istehsalçılar fəaliyyətlərini ucqar ərazilərə köçürmüşdülər.

Şotlandiyanın Milli Fondundan arxeoloq Derek Aleksandr bildirib ki, məkan strateji baxımdan çox yaxşı gizlədilmişdi. Gizli istehsal yeri dar vadidə, axar suyun yaxınlığında yerləşirdi.

Arxeoloqun sözlərinə görə, qanunsuz viski istehsalçıları izlərini gizlətməkdə kifayət qədər peşəkar idilər və çox güman ki, onların sığınacağı hakimiyyət orqanları tərəfindən heç vaxt aşkar edilməyib.

Alim əlavə edib ki, birləşdirici detalın tapılması istehsalçıların avadanlığı tələsik sökərək ərazidən qaçdıqlarını və həmin hissəni unutduqlarını göstərir. Qanunsuz spirt istehsalçıları adətən arxalarında heç bir iz qoymamağa çalışdıqları üçün belə tapıntılar son dərəcə nadir və qiymətli hesab olunur.

Poliqon.info

 

Seçilən
9
poliqon.info

1Mənbələr