AZ

NYT danışıqların ilk gününü qiymətləndirib: Tramp yaltaq, Si isə sarsılmaz idi

ABŞ prezidenti Donald Trampın Çinə səfərinin ilk günündə o, Si Szinpinlə barışdırıcı tonda danışıb ki, bu da onun ABŞ-də Çin barədə verdiyi sərt ictimai bəyanatlarla tam ziddiyyət təşkil edib...

Poliqon The New York Times-a istinadən xəbər verir ki, Si Szinpin isə əksinə, təriflərə çox yer verməyib, ilk andan sərt çərçivələr müəyyənləşdirib və xüsusilə Tayvan məsələsində daha qarşıdurmacı mövqe sərgiləyib.

Çıxışının başlamasından cəmi bir neçə dəqiqə sonra Si bəyan edib ki, Tayvan "qırmızı xətt"dir və Trampın yaxınlaşma cəhdlərinin uğursuzluğa düçar ola biləcəyinə işarə edib. Çin lideri ABŞ prezidentinin adaya nəzarətin bərpasına yönəlmiş uzunmüddətli Çin siyasətinə müdaxilə etməsinin qəbuledilməz olduğunu bildirib.

"Bu fərq Si Szinpinin çıxışlarında nümayiş etdirdiyi yeni səviyyədə özünəinam və siyasi çəkini əks etdirir. O, ABŞ-nin İranla çıxış yolu çətin görünən münaqişəyə sürükləndiyini müşahidə edir", deyə NYT qeyd edir.

Tramp iki ölkə arasındakı ciddi fikir ayrılıqlarının güclü liderlər tərəfindən həll edilməli olduğunu vurğulayıb. Si isə bildirib ki, Çin və ABŞ-nin ümumi maraqları fikir ayrılıqlarımızdan daha üstündür. Bununla belə, Çin lideri alternativ ssenarini də gündəmə gətirib.

"Əgər proses düzgün idarə olunmasa, iki ölkə qarşıdurmaya və hətta münaqişəyə sürüklənə bilər ki, bu da ABŞ-Çin münasibətlərini son dərəcə təhlükəli vəziyyətə salacaq", deyə o bildirib və bununla açıq şəkildə Tayvanı nəzərdə tutub.

NYT yazır ki, Trampın görüşləri əsasən tez nəticə verən “sazişlər” əldə etməyə yönəlir. Bu sazişlər adətən yeni iş yerləri və ya satış imkanları ilə bağlı olur. Bu dəfə Tramp özü ilə bir qrup şirkət rəhbəri gətirib. Onun sözlərinə görə, bu addım Çinə "hörmət" nümayiş etdirmək və eyni zamanda bazara çıxış əldə etmək məqsədi daşıyıb.

Lakin Si Szinpin analoji addım atmayıb. Danışıqlarda “BYD” avtomobil şirkətinin və ya süni intellekt sahəsində fəaliyyət göstərən "DeepSeek" şirkətinin rəhbərləri iştirak etməyib.

Bundan başqa, ABŞ tərəfinin yaydığı açıqlamada fentanil prekursorlarına qarşı mübarizə və Amerika kənd təsərrüfatı məhsullarının alınması məsələləri yer alıb. Amma Tayvan, Çinin nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri və nüvə arsenalının sürətlə genişləndirilməsi barədə heç nə qeyd olunmayıb.

Ağ Ev həmçinin ABŞ və Çini Hörmüz boğazının açıq saxlanılmasında müttəfiq kimi təqdim edib. Bununla belə, Çin tərəfinin İrana təsir imkanlarından qarşılıqsız istifadə etməsi ehtimalı az hesab olunur.

İki lider arasında fikir ayrılıqlarının necə müzakirə ediləcəyinin əsas sınağı cümə günü səhər baş tuta bilər. Həmin vaxt Trampın Si ilə daha qapalı formatda görüşləri planlaşdırılıb. Bu, Trampın ən çox üstünlük verdiyi formatdır — liderdən liderə birbaşa təmas. ABŞ prezidenti Çin hava məkanını tərk etdikdən sonra isə danışıqların öz versiyasını təqdim edəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr