Şəki, 15 may, AZƏRTAC
Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizə gələcək çoxsaylı xarici qonaqların yüksək səviyyədə qarşılanması məqsədilə regionlardakı turizm obyektləri həm infrastruktur, həm də xidmət baxımından hazır vəziyyətə gətirilib. Xüsusilə strateji turizm marşrutları üzərində yerləşən otel və ictimai iaşə müəssisələrində xidmət keyfiyyətinin beynəlxalq standartlara çatdırılması istiqamətində kompleks tədbirlər görülüb.
Bu cür beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda təşkili regionlarda infrastrukturun modernləşməsinə və xidmət sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə birbaşa təkan verir. Sözügedən proses təkcə xarici nümayəndə heyətlərinin deyil, həm də daxili turistlərin regionlara axınını stimullaşdırır ki, bu da yerli iqtisadiyyatın "qan damarları" hesab olunan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırır. Hazırda bu müsbət iqtisadi dinamikanın və xidmət sektorundakı canlanmanın ən aydın hiss olunduğu bölgələrdən biri də zəngin turizm potensialı ilə seçilən Şəki-Zaqatala iqtisadi rayonudur.
Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəki-Zaqatala bölgəsi özünün qədim tarixi memarlığı, bənzərsiz təbiəti və zəngin mətbəxi ilə həm yerli, həm də xarici turistlər üçün Azərbaycanın ən cəlbedici istiqamətlərindən biri hesab olunur. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr və inkişaf etmiş müasir otel infrastrukturu regionun beynəlxalq turizm xəritəsindəki mövqeyini hər ötən gün daha da möhkəmləndirir. Bu potensialın səmərəli reallaşdırılması nəinki bölgənin iqtisadi canlanmasına, həm də milli mədəni dəyərlərimizin qlobal miqyasda təbliğinə əvəzsiz töhfə verir.
“Şəki-Zaqatala bölgəsinin malik olduğu bu geniş potensial və mövcud hazırlıq səviyyəsi qarşıdakı günlərdə regiona xeyli sayda yerli və xarici turistin gələcəyini deməyə əsas verir”, - deyə Şahin Məlikov fikrini tamamlayıb.
Şəkinin qədim memarlıq üslubunu qoruyub saxlayan tarixi məkanlarından birində fəaliyyət göstərən otelin meneceri Ruhiyyə Rəhimova deyir ki, WUF13-lə əlaqədar olaraq regiona maraq çoxalıb və son günlər xüsusilə Avropa, Asiya, eləcə də Körfəz ölkələrindən gələn əcnəbi qonaqların sayında ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, qonaqlama xidməti ilə yanaşı, əcnəbi turistlərin asudə vaxtının səmərəli təşkili üçün Şəkinin çoxəsrlik tarixi, özünəməxsus mədəniyyəti və dünyaşöhrətli ipəkçilik sənəti ilə yaxından tanışlıq məqsədilə xüsusi infoturlar da təşkil edilir.
Turizm sahəsi üzrə ekspertlərin rəylərinə əsasən, bu günlərdə Qəbələ və Şəkidə fəaliyyət göstərən əksər otel, hostel və qonaq evlərinə sifarişlərin sayında artım qeydə alınıb. Bölgədə yerləşən iri istirahət mərkəzlərindən birinin meneceri Əşrəf Əşrəfzadə vurğulayır ki, həftənin ilk günlərindən etibarən xarici ölkələrdən gələn turistlərin sayında dinamik yüksəliş müşahidə olunur və forumun aktiv fazasında bu göstəricinin daha da artacağı gözlənilir.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkə miqyasında infrastrukturun modernləşdirilməsi və xidmət şəbəkəsinin yenilənməsi üçün əlverişli zəmin yaradır. Xarici nümayəndə heyətlərinin və turistlərin bölgələrə səfərləri regionlardakı otel, istirahət mərkəzi və qonaq evlərinin fəaliyyətini canlandırmaqla yanaşı, bu müəssisələrin iqtisadi rentabelliyini əhəmiyyətli dərəcədə artırır. Bu prosesin ən strateji üstünlüyü isə milli-mədəni irsimizin və qədim ənənələrimizin qlobal miqyasda təbliğidir. Beynəlxalq forumlar və festivallar çərçivəsində nümayiş etdirilən yerli mədəniyyət elementləri, zəngin kulinariya və xalq sənətkarlığı nümunələri regionların beynəlxalq səviyyədə bir “turizm brendi” kimi tanınmasına da yol açır. Beləliklə, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər regionların həm iqtisadi, həm də mədəni ekosisteminin davamlı inkişafına da birbaşa töhfə verir.
Müxbir - Rasim İslamoğlu