AZ

Putin Pekinə gedir: Tramp-Si sammitindən sonra səfər planı açıqlanıb

Çin lideri Si Szinpin ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən sammitdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin Pekinə səfər edəcəyi bildirilir...

Poliqon xəbər verir ki, South China Morning Post (SCMP) nəşrinin məlumatına görə, Putin 20 mayda Pekinə birgünlük səfər etməyi planlaşdırır. Bu səfərin Moskva və Pekin arasında münasibətlərin "adi diplomatik təması" kimi qiymətləndirildiyi qeyd olunur.

Mənbələr bildirir ki, səfər genişmiqyaslı mərasimlər və ya hərbi tədbirlər olmadan keçə bilər. Kremlin hələlik səfərin tarixini rəsmi şəkildə təsdiqləmədiyi, Çin Xarici İşlər Nazirliyinin isə şərh verməkdən imtina etdiyi vurğulanır.

Bu səfərin 2026-cı ildə Putinin ilk xarici səfərlərindən biri ola biləcəyi bildirilir ki, bu da Qərblə gərginlik fonunda Rusiya–Çin strateji yaxınlaşmasını bir daha göstərir.

Qeyd edək ki, Qərbin geniş sanksiyalarından sonra Rusiya iqtisadi cəhətdən Çinə daha çox yaxınlaşıb. Pekin Moskvanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Çin Rusiyadan neft alır və həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı məhsulların ixracını davam etdirir.

Son aylarda iki ölkə enerji və strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə dəfələrlə açıqlamalar verib. Putin və Si Cinpin arasında enerji, qaz və nüvə sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmdədir.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr