AZ

Trampın Yaxın Şərq bəyanatı bazarları silkələdi-Neftin qiyməti sürətlə qalxır

Dünya bazarında neftin qiyməti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki vəziyyətlə bağlı verdiyi kəskin bəyanatlardan sonra yenidən yüksəlişə keçib.

Musavat.com xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul fyuçersləri bir barel üçün 107,03 dollara qədər bahalaşıb ki, bu da əvvəlki ticarət sessiyası ilə müqayisədə 1,31 dollar (1,24%) artım deməkdir. Qeyd edək ki, cümə axşamı bu müqavilə cəmi 9 sent (0,1%) bahalaşaraq 105,72 dollar təşkil etmişdi. Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri də əhəmiyyətli dərəcədə yüksələrək 102,59 dollara çatıb. Bu markalı neftin qiymətindəki artım 1,42 dollar və ya 1,4% təşkil edib. Ekspertlər qiymət artımının əsas səbəbi kimi Trampın bölgədəki gərginliyi artıran çıxışlarını və bu çıxışların enerji nəqli marşrutlarına, xüsusilə Hörmüz boğazına təsir ehtimalını göstərirlər. İnvestorlar Yaxın Şərqdə hərbi risklərin artması fonunda tədarük zəncirində qırılmaların ola biləcəyindən ehtiyat edirlər.

Analitiklərin fikrincə, ABŞ-ın regiondakı yeni strateji həmlələri və ərəb ölkələrinə qarşı sərt tələbləri neftin qiymətindəki qeyri-müəyyənliyi daha da stimullaşdıracaq.

Hazırda birja mütəxəssisləri neftin yaxın günlərdə 110 dollar həddini sınağa çəkə biləcəyini istisna etmirlər. Beynəlxalq enerji agentlikləri isə qlobal tələbatın artdığı bir dövrdə bu cür geosiyasi gərginliyin dünya iqtisadiyyatı üçün əlavə risklər yaratdığını bildirirlər.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr