Bu gün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan xalqı isə əsrlər boyu formalaşdırdığı zəngin ailə dəyərləri ilə seçilən xalqlardan biridir. Bu dəyərlər zaman keçsə də qorunub saxlanılıb və nəsildən-nəsilə ötürülərək bu günə qədər gəlib çatıb.
Bu fikirləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB-nin və İctimai Şuranın üzvü
Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, müasir dövrdə Azərbaycanın beynəlxalq inteqrasiyası və gənclərin daha modern həyat tərzi seçməsi ailə dəyərlərinin mahiyyətini dəyişmir:
“Bu gün müasir ailə modellərində müəyyən yeniliklər olsa da, ailənin kökündə Azərbaycan xalqının mənəvi dəyərləri dayanmalıdır. Ailə başçısından övlada, övladdan isə gələcək nəsillərə ötürülən hörmət, sevgi, birlik və milli adətlər qorunmalıdır.”
Z.Nuriyevanın sözlərinə görə, insan üçün ən etibarlı yer ailəsi, ən rahatlıq tapdığı məkan isə evidir:
“Ailədə böyüklərə hörmətin, kiçiklərə sevginin yaşadılması çox önəmlidir. Bu dəyərləri qorumaq ailənin hər bir fərdinin məsuliyyətidir. Ailə bağlarının möhkəm saxlanılması cəmiyyətin sağlam inkişafına xidmət edir.Ailə insanın sosial statusunun, ictimai nüfuzunun və vətəndaş məsuliyyətinin əsas dayaqlarından biridir. Ailə dəyərləri hər bir xalqın gücünü göstərən əsas amillərdəndir. Sevgi, hörmət və birliyin qorunduğu ailələr sağlam cəmiyyətin formalaşmasına töhfə verir.”
Zəhra Ağayeva