AZ

Kremldən MDB ölkələrinə HƏMLƏ: ruslara görə qoşun göndəriləcək

Rusiya Dövlət Duması prezident Vladimir Putinə rusları qorumaq üçün digər ölkələrə qoşun göndərməyə icazə verən yeni qanun qəbul edib. Bu barədə xəbəri Tribuna.az yayıb. Yeni qanunvericilik düzəlişləri prezidentin ölkə sərhədləri xaricində silahlı qüvvələrdən istifadə sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir. Dəyişikliklər “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” Rusiya qanunlarına daxil ediləcək.

Rusiya

Musavat.com bildirir ki, bu qanun əsasən postsovet ölkələrini təhdid edən faktdır. Ukraynada rusları müdafiə etmək adı ilə işğalçı müharibə aparan Rusiyanın gələcəkdə eyni bəhanə ilə digər respublikalara hücum etməyəcəyinə zəmanət yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov dəfələrlə bəyan edib ki, xaricdə yaşayan rusların və rusdilli vətəndaşların hüquqlarının, eləcə də rus dilinin işlədilməsi hüququnun müdafiəsi ölkənin xarici siyasətinin prioritetlərindən biridir. Son illər isə rusdilli əhalinin müdafiəsi adı ilə ayrı-ayrı ölkələrə təzyiq də göstərilir. Xüsusən Orta Asiya dövlətlərinə həmlələr edilir. Həmçinin Baltikyanı dövlətlərə təhdidlər yağdırılır. Təhlilçilərin fikrincə, bu qanun isə Rusiyanın gələcəkdə işğal hərəkətlərini genişləndirməyə don geyindirir. Onu da demək yerinə düşər ki, Rusiya hökuməti xaricdəki rus icmaları ilə mədəni, təhsil və dil əlaqələrini dəstəkləmək üçün müxtəlif proqramlar həyata keçirir.

MDB-nin

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Rusiya başqa dövlətlərə hərbi müdaxilə üçün zəmin hazırlayır. Onun fikrincə, hazırda bunun üçün şərait olmasa da, gələcəkdə istisna deyil: “Ukrayna müharibəsi rus ordusunun “dişlərini tökdü”. Onların növbəti hücum üçün motivasiyası qalmayıb. Beş ildir ki, ordu müharibə vəziyyətindədir və yaxın illərdə başqa bir ölkəyə təcavüz etmək resursu qalmayıb. Ancaq Rusiyanın imperialist maraqlarını nəzərə alsaq, bu qanunun gələcəkdə istifadə olunacağını ehtimal etmək olar. Moskva rusların və rus dilinin qorunması adı ilə postsovet məkanında beynəlxalq hüquqa zidd hərəkətlərə yol verib”.

S.Əsədli xatırladıb ki, Ukraynaya hücum bəhanələrindən biri də elə ölkənin şərq bölgəsində yaşayan rusların guya haqlarının pozulması oldu: “Biz vaxtaşırı şahid oluruq ki, Özbəkistana, Qazaxıstana, Ermənistana, hətta Baltikyanı dövlətlərə ruslar və rus dili ilə bağlı bəzi eyhamlar vurulur. Azərbaycan məktəblərində rus sektorunun olmasını da xüsusi vurğulayırlar. Yəni Rusiya öz dilini imperiyanın bir aləti kimi istifadə edir. Üstəlik, indi təkcə ruslar yox, rusdillilər məsələsini də ortaya atıblar ki, bu da olduqca təhlükəli planlardan xəbər verir”.

Emil Salamoğlu
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr