AZ

Tolik: “Avroviziya”ya Alim Qasımovu göndərək”

Azərbaycanın “Avroviziya 2026” macərası yarımfinal mərhələsində başa çatdı. Təmsilçimiz JİVA finala yüksələ bilmədi. Son illər yarışmada arzuolunan nəticələri əldə edə bilməyən Azərbaycan təmsilçisinin uğursuzluğu yenidən müzakirələri alovlandırıb.

Bəs bu dəfə problem mahnıda, səhnə şousunda, yoxsa müğənni seçimində idi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan prodüser Tarix Əliyev (Tolik) bildirib ki, uğursuzluğun səbəblərindən biri İTV-nin “Avroviziya”ya əvvəlki illərə nisbətən daha az diqqət ayırmasıdır: Marqarita pizza

“Bu məsələyə sırf prodüser kimi qiymət verəcəyəm. Fikrimcə, bu uğursuzluq İctimai Televiziyanın “Avroviziya” yarışmasına əvvəlki qədər önəm verməməsi ilə bağlıdır. Bildiyiniz kimi, İTV məhz “Avroviziya” üçün yaradılıb və Azərbaycanda bu layihəni həyata keçirir. Onların bu məsələdə öhdəliyi var. Biz əvvəllər birincilik də, ikincilik də görmüşük, amma son 4 ildir ki, finala vəsiqə qazana bilmirik.

Bu, həm mahnıların zəifliyi, həm də səhnə performansları ilə bağlı ola bilər. İfaçılar güclü səslərə malik olsalar da, görünür, bu gün dövlət üçün daha vacib hesab olunan müxtəlif daxili və xarici siyasi məsələlər səbəbindən Avroviziyaya əvvəlki qədər resurs və diqqət ayrılmır. Nəticədə bu layihə bir qədər arxa planda qalır”.

Prodüser hesab edir ki, ciddi hazırlıq olacağı təqdirdə nəticəni dəyişmək mümkün idi:

“Məncə, əgər dövlət bu yarışmaya ciddi önəm versəydi, hətta bu mahnı ilə belə birinci olmaq mümkün idi. Amma görünür ki, bu istiqamətdə prioritet fərqlidir.

Digər tərəfdən, Türkiyə də uzun illərdir Avroviziyada iştirak etmir və bu onlara da o qədər maraqlı deyil. Bu qədər vəsait xərcləməkdənsə, əgər finala belə vəsiqə qazana bilməyəcəyimizi düşünürüksə, alternativ yanaşmalar da mümkündür. Məsələn, Xalq artisti Alim Qasımov kimi sənətkarı, yanında da Əməkdar artist Sevda Ələkbərzadəni göndərib Azərbaycan muğamını Avropaya tanıtmaq olar.

Muğam artıq dünyada tanınır və bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayıb. Bu baxımdan, belə bir təqdimat daha məqsədəuyğun və daha dəyərli olardı. Çünki biz qalib ölkənin vətəndaşlarıyıq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr