AZ

114B marşrut xəttində avtobuslar niyə yenilənmir? – Xəbərdarlıq edildi

Paytaxt sakinlərinin ictimai nəqliyyatla bağlı narazılığı səngimək bilmir. Bu dəfə şikayət ünvanı “20 Yanvar” metrostansiyası ilə Müşviqabad qəsəbəsi arasında fəaliyyət göstərən 114B saylı marşrut xəttidir.

Musavat.com-a müraciət edən sərnişinlər bildirirlər ki, xətt üzrə avtobusların azlığı, uzun interval problemi və avtobusların texniki-sanitar vəziyyəti gündəlik gediş-gəlişi ciddi çətinliyə çevirib.

Sakinlərin sözlərinə görə, xüsusilə səhər və axşam saatlarında avtobus gözləmək əsl problemə çevrilir. Onlar iddia edirlər ki, xəttə kifayət qədər nəqliyyat vasitəsi buraxılmadığından dayanacaqlarda sıxlıq yaranır, sərnişinlər isə uzun müddət avtobus gözləməli olurlar.

Narazılıq təkcə intervallarla bağlı deyil. Vətəndaşlar avtobusların daxili vəziyyətinin də acınacaqlı olduğunu deyirlər. Bildirilir ki, bəzi avtobuslarda oturacaqlar qırıq vəziyyətdədir, bir çoxu isə yerindən qopub. Salonlarda natəmizlik hökm sürür, avtobusların texniki baxımdan da normal vəziyyətdə olmadığı vurğulanır.

Sərnişinlərin sözlərinə görə, mövsümi problemlər vəziyyəti daha da ağırlaşdırır. Qış aylarında istilik sisteminin zəif işlədiyi, yay mövsümündə isə soyutma sisteminin demək olar ki, olmadığı bildirilir. Bu isə xüsusilə isti havalarda sərnişinlərin narazılığını artırır.

Şikayətçilər hesab edirlər ki, problemin həlli üçün milyonlarla vəsaitə yeni avtobuslar almağa belə ehtiyac yoxdur:

“Qırıq oturacaqları təmir etmək, avtobusların içini təmiz saxlamaq və xəttə kifayət qədər avtobus buraxmaq üçün 500 min manatlıq yeni avtobus almağa ehtiyac yoxdur. Amma ən sadə problemlər belə aradan qaldırılmır”.

Sakinlər onu da bildirirlər ki, gecə saatlarına yaxın vəziyyət daha da çətinləşir. Onların iddiasına görə, saat 23:00 olmamış 114B xətti üzrə avtobusların böyük hissəsi hərəkəti dayandırır və bu da axşam saatlarında evə qayıdan sərnişinləri çıxılmaz vəziyyətdə qoyur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Musavat.com-a bildirilib ki, 114B nömrəli marşrutda 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:

“Günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrut müsabiqəyə çıxarılacaq”.

avto

avto

avto

Şahanə Rəhimli
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr