AZ

Avropanı fəth edən Azərbaycan cazı – Rain Sultanov Rumıniyada alqışlarla qarşılandı - FOTOLAR  

Tanınmış Azərbaycan saksafonçusu, bəstəkar və ölkənin caz səhnəsinin ən önəmli simalarından biri olan Rain Sultanov növbəti dəfə Avropa səhnələrində Azərbaycan musiqisini uğurla təmsil edib.

Musavat.com xəbər verir ki, sənətçi 28 aprel – 18 may 2026-cı il tarixlərini əhatə edən geniş Avropa turnesi çərçivəsində Rumıniyada silsilə konsert proqramları ilə çıxış edib.

Musiqiçinin Rumıniya proqramı 7-14 may tarixlərini əhatə edib. Rain Sultanov bu müddətdə ölkənin Mediaş, Rışnov, Buxarest, Piteşt və Ployeşt şəhərlərində ümumilikdə 6 konsert verib. Konsertlər cazsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan caz məktəbinin Avropa auditoriyasına təqdimatı baxımından diqqət çəkən hadisəyə çevrilib.

Turnenin ən yadda qalan çıxışlarından biri mayın 13-də Ployeşt Filarmoniyasında baş tutub. Ertəsi gün isə sənətçi Rumıniyanın paytaxtı Buxarestdə yerləşən məşhur “Green Hours” caz klubunda səhnəyə çıxaraq tamaşaçılara xüsusi proqram təqdim edib. Hər iki konsertdə Rain Sultanovun improvizasiya üslubu, müasir caz elementlərini milli musiqi duyumu ilə birləşdirən ifası böyük maraq doğurub.

Rumıniya səfəri yalnız konsertlərlə məhdudlaşmayıb. Rain Sultanov mayın 12-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniya Senatında keçirilən xüsusi konfransda da iştirak edib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub və “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu” mövzusuna ithaf edilib. Konfrans çərçivəsində Azərbaycan-Rumıniya münasibətlərinin inkişafı, mədəni diplomatiya və humanitar əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Rain Sultanov uzun illərdir həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə caz musiqisinin fəal təbliğatçılarından biri kimi tanınır. Musiqiçi hazırkı Avropa turnesi zamanı yalnız Rumıniyada deyil, Norveç, Polşa, Almaniya və Niderlandın müxtəlif şəhərlərində də konsert proqramları ilə çıxış edib. Onun ifaları Avropa caz auditoriyasında Azərbaycan musiqisinə marağın artmasına töhfə verir.

Sənətçinin yaradıcılığı Almaniyanın məşhur Ozella Music leyblı ilə sıx bağlıdır. Rain Sultanov burada Avropada geniş rezonans doğuran bir sıra albomlarını təqdim edib. Xüsusilə soprano saksafonunun minimalist səslənməsi üzərində qurulan, kamera aranjimanlarını orqan və piano ilə birləşdirən “Cycle” albomu caz tənqidçiləri tərəfindən fərqli bədii yanaşma nümunəsi kimi qiymətləndirilib.

Onun “Forgiveness” albomu da xüsusi diqqət çəkən layihələrdən biri hesab olunur. Eyni zamanda “Inspired by Nature”, “Influence”, “Cycle” və “Forgiveness” albomları Rain Sultanovun musiqi fəlsəfəsinin müxtəlif istiqamətlərini əks etdirir. Bu əsərlərdə təbiət, daxili harmoniya, improvizasiya və minimalist duyum ön plana çıxır.

Rain Sultanovun uzun illərə söykənən sənət yolu onu dünya cazının bir çox məşhur simaları ilə bir araya gətirib. O, müxtəlif illərdə Rəşid Behbudov, Rafiq Babayev, Kenny Wheeler, Curtis Fuller, Perry Robinson, Gaya, Arild Andersen, Nils Petter Molvær, Bobo Stenson, Bendik Hofset, Paco Sery, Linley Marthe və Barbara Dennerlein kimi dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edib.

Azərbaycan caz məktəbinin müasir dövrdə Avropada tanıdılması baxımından Rain Sultanovun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun turneləri və beynəlxalq layihələri təkcə musiqi hadisəsi deyil, həm də Azərbaycanın mədəniyyət diplomatiyasının uğurlu nümunəsi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr