AZ

Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Qərbə yaxınlaşmasının ciddi nəticələr doğura biləcəyi ilə bağlı növbəti sərt mesaj verib.

Musavat.com xəbər verir ki, Lavrov BRICS ölkələrinin xarici işlər nazirlərinin Yeni Delhi şəhərində keçirilən görüşündən sonra jurnalistlərə açıqlamasında Moskva ilə İrəvan münasibətlərinin hazırda mürəkkəb mərhələdən keçdiyini bildirib.

Rusiyalı nazirin sözlərinə görə, bunun əsas səbəbi Qərbin Ermənistanı öz təsir dairəsinə çəkməyə çalışmasıdır. Lavrov xüsusilə vurğulayıb ki, Avropa İttifaqı Ermənistanı fəal şəkildə öz orbitinə daxil etməyə çalışır və bu proses davam edərsə, İrəvan Avrasiya İqtisadi İttifaqındakı mövcud imtiyazlarını itirə bilər.

Sergey Lavrov bildirib ki, məsələ may ayında keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitində ayrıca müzakirə olunacaq.

“Biz erməni dostlarımız qarşısında tam səmimiyik. Müttəfiqlik borcumuz ondan ibarətdir ki, müasir dünyada iqtisadi inteqrasiya proseslərinin necə qurulduğunu və Avrasiya İqtisadi İttifaqının Avropa İttifaqından nə ilə fərqləndiyini izah edək”, - deyə Lavrov qeyd edib.

Moskvanın son həftələrdə Ermənistanla bağlı ritorikasının nəzərəçarpacaq dərəcədə sərtləşdiyi diqqət çəkir. Rusiya rəsmiləri ardıcıl şəkildə İrəvanın Avropa istiqamətində addımlarını tənqid edir və bunun Ermənistan üçün iqtisadi-siyasi nəticələri ola biləcəyinə eyham vururlar.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr