AZ

Partiya sədri: 300 min azərbaycanlının qayıdışı da qaldırılmalıdır

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın sabiq prezidenti və revanşist müxalifət bloku – “Hayastan” fraksiyasının rəhbəri Robert Köçəryan seçicilər ilə görüşündə Qarabağ ermənilərinin qayıdış məsələsinə toxunub. 

Köçəryan Qarabağdan könüllü getmiş ermənilərin qayıdış məsələsinin "mürəkkəbliyini və həssaslığını" etiraf edib:  

"Qayıtmaq hüququ ayrılmaz hüquqdur, söhbət müharibədən getmir, amma hakimiyyət münaqişəni nəzərə alaraq bunu müzakirə etmək istəmir".

Köçəryan onu da qeyd edib ki, Paşinyan hakimiyyəti Azərbaycanı narazı sala biləcək hər şeyi "münaqişəyə meyilli" hesab edir. 

O, danışıqlar prosesinin mürəkkəb olduğunu, lakin bundan imtinanın arzuolunmaz nəticələrə gətirib çıxaracağını da bildirib. 

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Köçəryan və onun kimiləri seçicilərin əhval-ruhiyyəsinə və istəyinə uyğun "oynamağa" çalışırlar. 

“Qarabağ ermənilərinin geri qayıdış məsələsi zaman-zaman xaricdəki müəyyən mərkəzlər və ayrı-ayrı erməni qrupları tərəfindən gündəmə gətirilir. Demək olar ki, onlar bundan sui-istifadə edirlər. Guya ki, ermənilərin mövqeyini müdafiə edirlər və onların təəssübünü çəkirlər. Halbuki onların hamısı çox yaxşı başa düşür ki, ermənilərin Qrarabağa geri qayıdışı qeyri-mümkündür.

Onlar könüllü şəkildə Qarabağı tərk ediblər. Torpaqlarımızdan ona görə çıxıblar ki, vaxtilə orada yaşayan azərbaycanlılara qarşı törədilən bütün cinayətlərdə onların hamısı iştirak edib. Heç bir erməni istisna təşkil etmir. Ehtiyat edirdilər ki, burada qalsalar, öz hərəkətlərinə görə cavab verməli olacaqlar. Necə ki, Bakı Hərbi Məhkəməsində erməni separatçıları öz cinayət əməllərinə görə cavab verməli oldular və qanuna uyğun mühakimə olundular. 

Ermənilərin könüllü şəkildə ərazilərimizi tərk etmələrində əsas amil məhz budur. Eyni zamanda, Ermənistanın özündə və xaricdəki erməni diasporu ermənilərin Qarabağdan çıxması üçün onları şirinkiləşəndiriblər. Əsas məqsəd də Qarabağ ermənilərindən Azərbaycana qarşı istifadə etməkdir. Qərbdə müəyyən mərkəzlər vaxtaşırı bu məsələni gündəmə gətirir və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər".

O xatırladıb ki, Azərbaycan regionun lider dövlətidir:  

"Azərbaycana hər hansı formada təsir etməyə çalışır və istəyirlər ki, ölkəmizin mövqeyi yumşalsın. Bunu Avropa ölkələri də, Rusiya da istəyir. Ancaq Azərbaycanın mövqeyi dəyişməyəcək və öz mövqeyini davam etdirəcək. O ki qaldı Köçəryana, onun fraksiyasının növbəti seçkilərdə qalib gəlmək şansı yoxdur.

Ermənistan ictimaiyyətində aparılan son rəy sorğularına görə, Köçəryan və Samvel Karapetyan daxil olmaqla özünü müxalif hesab edənlər – onların hamısının reytinqi Paşinyanın partiyasının reytinqinin yarısı qədər deyil. Paşinyanın bu seçkidə də qalib gəlmək şansı çoxdur.  Sadəcə olaraq, Köçəryan və onun kimi revanşist müxaliflər öz reytinqini formalaşdırmaq və parlamentə nümayəndələrini göndərmək üçün Qarabağ məsələsindən sui-istifadə edirlər. 

Ermənistanda əhalinin müəyyən təbəqəsi  köhnə düşüncə və revanşist əhval-ruhiyyədədir. Onların səslərini almaq üçün bu məsələni ortaya atırlar. Buna baxmayaraq, revanşist müxalif cəbhənin rəhbərləri başa düşürlər ki, Azərbaycanla müharibə aparmaq olmaz və ermənilərin Qarabağa qayıdışı da qeyri-mümkündür".  

Partiya rəhbəri əlavə edib ki, Azərbaycanın istənilən məsələdə mövqeyi üstündür: 

“Əgər ermənilərin Qarabağa qayıtması ilə bağlı məsələ qaldırılırsa,  onda vaxtilə Ermənistandan deportasiya edilən 300 min azərbaycanlının da Qərbi Azərbaycana qayıdışı ilə bağlı məsələ qaldırılmalıdır. Ermənilər yaxşı anlayırlar ki, Azərbaycanın istənilən məsələdə mövqeyi üstündür və bununla hesablaşmağa məcburdurlar”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

Robert Köçəryan Akif Nağı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr