AZ

CNN: Trampın bir cümləsi Ağ Evdə panika yaratdı

ABŞ prezidenti Donald Trampın İran müharibəsi ilə bağlı səsləndirdiyi bir cümlə Vaşinqtonda ciddi siyasi rezonans doğurub.

Musavat.com xəbər verir ki, CNN-in analitik yazısında (müəllif Aaron Bleyk) Trampın amerikalıların maddi vəziyyətini nəzərə almadığını açıq deməsi həm Respublikaçılar daxilində narahatlıq yaratdığı, həm də onun İran siyasətinin əsas zəif nöqtəsini üzə çıxardığı qeyd olunub.

Belə ki, jurnalistlər Trampdan İranla müharibənin amerikalıların iqtisadi vəziyyətinə təsirini nəzərə alıb-almadığını soruşduqda, o belə cavab verib:

“Heç bir şəkildə. Mən amerikalıların maliyyə vəziyyəti barədə düşünmürəm. Mən yalnız bir şey düşünürəm: İran nüvə silahına sahib ola bilməz.”

CNN yazır ki, Tramp əvvəllər də sıravi amerikalıların iqtisadi çətinlikləri barədə sərt və laqeyd görünən açıqlamalar verib, lakin bu dəfə məsələ daha ciddi rezonans doğurub. Çünki prezidentin iqtisadi göstəriciləri sürətlə pisləşir və seçicilər artıq onun iqtisadi problemləri ikinci plana keçirdiyini düşünməyə başlayıblar. Məqalədə qeyd olunur ki, Trampın bu sözləri “prezidentin insanların gündəlik problemlərini ümumiyyətlə vecinə almadığı” təəssüratı yaradıb.

CNN analitikası vurğulayır ki, Respublikaçılar dərhal vəziyyəti yumşaltmağa çalışıblar. Şimali Karolinadan senator Tom Tillis Trampın sözlərini “narahatedici” adlandırıb. Texas senatoru Con Kornin bunu “ötəri ifadə” kimi təqdim etməyə çalışıb. Vitse-prezident Vens isə faktiki olaraq Trampın yaratdığı böhranı söndürməyə çalışaraq iki dəfə administrasiyanın amerikalıların maddi vəziyyətini düşündüyünü vurğulayıb, üç dəfə isə iqtisadi problemlərlə məşğul olduqlarını deyib. O, hətta inflyasiya göstəricilərinin də yaxşı olmadığını etiraf edib. CNN qeyd edir ki, Ağ Evdə bir çoxları Trampdan məhz belə balanslı açıqlama gözləyirmiş.

Aaron Bleyk yazır ki, Trampın davranışının arxasında müəyyən siyasi məntiq də ola bilər. Çünki İranla müharibənin ABŞ üçün əsas zəif nöqtəsi məhz daxili iqtisadi təzyiqdir. Benzin qiymətlərinin artması və enerji bazarındakı gərginlik amerikalı seçicilər üçün ən həssas mövzulardan biridir. İran isə avtoritar sistem olduğu üçün öz vətəndaşlarının narazılığını ABŞ qədər nəzərə almağa məcbur deyil. CNN bunu “asimmetrik müharibə” adlandırır:“Rəqib tərəfin ağrıya dözümlülüyü daha yüksəkdir və bu da ona əlavə üstünlük verir.”

Məqalədə diqqət çəkən başqa məqam isə Trampın İran müharibəsini amerikalılara əvvəlcədən izah etməməsi ilə bağlıdır. CNN yazır ki, o, müharibəyə faktiki olaraq qəfil başlayıb və sonradan buna bəraət qazandırmağa çalışıb. Aaron Bleykin fikrincə,Tramp cəmiyyətə əvvəlcədən aydın məqsədlər təqdim etməyib, insanları iqtisadi çətinliklərə hazırlaşdırmayıb və dəstək toplamaq üçün ciddi siyasi kampaniya aparmayıb.

“Sanki Tramp amerikalılara nəyisə izah etməyə ümumiyyətlə ehtiyac olmadığını düşünüb”,-deyə məqalədə bu vəziyyət belə təsvir olunub.

CNN təhlilçisində görə, İran müharibəsi artıq ABŞ daxilində populyar deyil və Trampın iqtisadiyyatla bağlı reytinqləri düşməkdə davam edir. Sorğular göstərir ki, amerikalıların böyük hissəsi müharibənin iqtisadi yükünü əsaslandırılmış hesab etmir. Eyni zamanda seçicilərin dörddə üçü Trampın yaşayış xərcləri probleminə kifayət qədər diqqət ayırmadığını düşünür. Aaron Bleyk məqalənin sonunda vurğulayır ki, iqtisadiyyat ABŞ seçkilərində həlledici mövzu olaraq qalır və Trampın bu cür açıqlamaları həm ona, həm də Respublikaçılar Partiyasına ciddi siyasi zərbə vura bilər.

Msuavat.com

Seçilən
14
musavat.com

1Mənbələr