Bakupost saytına istinadən ain.az xəbər verir.
Son dövrlər sosial şəbəkələrdə və xüsusilə YouTube platformasında ən çox reklam olunan tətbiqlərdən biri "Sugo" adlı tanışlıq platformasıdır.
Tətbiqdə qeydiyyatdan keçən kimi eyni anda 20-30, bəzən isə 40-a yaxın mesaj gəlir. Bir çox insan həmin hesabların bot olduğunu düşünür. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, platformada real şəxslər də fəaliyyət göstərir və onların bir hissəsi xüsusi şəbəkə və ya agentliklər vasitəsilə bu işə cəlb olunur.
Məlumata görə, əsas fəaliyyət istifadəçilərlə uzun yazışmalar aparmaq, səsli danışıq və görüntülü zənglər etməkdən ibarətdir. İddialara görə, bu şəxslər danışıq müddətinə və aktivliyə uyğun olaraq müəyyən ödəniş əldə edirlər.
Mövzu ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Bakupost.az -a bildirdi ki, bu proqramların əsas məqsədi tanışlıq xidmətlərinə insanların marağını artırmaq və yeni istifadəçiləri cəlb etməkdir:
“Burada çox böyük qlobal oyunçular var. Bir neçə il əvvəl Böyük Britaniyada yerləşən “Badoo” adlı platforma 2,2 milyard dollara satılmışdı. Bu sahədə iri şirkətlər fəaliyyət göstərir və onların milyonlarla dövriyyəsi var.
İstər botlar, istərsə də real insanlar istifadəçi ilə ünsiyyət qurmağa çalışır ki, o, platformada daha aktiv olsun. Bu isə marketinq strategiyasının bir hissəsidir”.
F.Kazımovun sözlərinə görə, məsələnin digər tərəfi də investor maraqları ilə bağlıdır:
“Belə platformalar mərhələli şəkildə investisiya cəlb edir. Burada əsas göstəricilərdən biri istifadəçinin platformada keçirdiyi vaxtdır və bu, investorlar üçün cəlbedici metrik sayılır. Məsələn, istifadəçi platformaya qoşulub orada 15-20 dəqiqə vaxt keçirirsə, bu, investorlara təqdim olunan göstəricilərə birbaşa təsir edir. Halbuki bir çox onlayn resurslarda istifadə müddəti çox qısa - 1, 3, maksimum 5 dəqiqə olur. Hətta xəbər saytlarında belə insanlar daxil olub yalnız başlıqlara baxıb çıxırlar.Lakin bu tip platformalar istifadəçinin mümkün qədər uzun müddət qalmasını hədəfləyir. Bunun üçün də müxtəlif üsullardan istifadə olunur. Məqsəd istifadəçi aktivliyini artırmaq və bu göstərici əsasında əlavə investisiya cəlb etməkdir”.
Lalə, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.