AZ

Türk dünyası səssiz yüksəlir: Yeni geosiyasi blok doğulurmu?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) 15 mayda Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi sammiti qurumun regiondakı geosiyasi əhəmiyyətini daha da artırır. Rusiya nəşrləri yazır ki, bu görüş təkcə türk əməkdaşlığını gücləndirmək deyil, həm də Mərkəzi Asiyanın beynəlxalq arenada subyektliyini artırmaq məqsədi daşıyır. Təşkilat çərçivəsində “TDT+” adlı yeni dialoq formatının yaradılması ABŞ, Çin, İsrail, Yaponiya və digər ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirir. Ekspertlərin fikrincə, bu prosesdə Türkiyə və Qazaxıstanın rolu ön plana çıxır və TDT artıq mədəni platformadan tədricən geosiyasi alətə çevrilir.

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi sammiti göstərir ki, qurum artıq yalnız ortaq dil, tarix və mədəniyyət platforması olmaq mərhələsini geridə qoyur: “Son illərdə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, müdafiə əməkdaşlığı və geoiqtisadi layihələr TDT-ni regionun mühüm siyasi aktorlarından birinə çevirib. Xüsusilə Ukrayna müharibəsindən sonra Avrasiya məkanında yaranan yeni reallıq Mərkəzi Asiyanın strateji əhəmiyyətini artırdığı üçün türk dövlətləri daha koordinasiyalı davranmağa çalışırlar.

Bu baxımdan TDT-nin genişlənən geosiyasi rolu regionda yeni güc balansının formalaşmasına müəyyən təsir göstərə bilər. Çünki təşkilat Orta Dəhliz layihəsi vasitəsilə Çin–Avropa ticarət xəttində alternativ marşrut kimi çıxış edir, enerji tranziti və logistika sahəsində yeni imkanlar yaradır. Bu isə həm Rusiyanın ənənəvi təsir imkanlarını zəiflədir, həm də Qərb, Çin və digər güclərin regiona marağını artırır”.

Politoloqun fikrincə, Türkiyə burada siyasi və hərbi çəkisi ilə ön plana çıxırsa, Qazaxıstan Mərkəzi Asiyanın iqtisadi və diplomatik mərkəzi kimi balanslaşdırıcı rol oynayır. Azərbaycan isə enerji və nəqliyyat bağlantıları baxımından təşkilatın əsas strateji halqalarından biridir.

Elman Telmanoğlu qeyd edir ki, TDT-nin yaxın perspektivdə NATO, Avropa İttifaqı və ya ŞƏT kimi sərt geosiyasi blok səviyyəsinə yüksələcəyini demək hələ tezdir. Çünki üzv dövlətlərin xarici siyasət prioritetləri tam üst-üstə düşmür: “Məsələn, Mərkəzi Asiya ölkələri həm Rusiya, həm Çin, həm də Qərblə paralel münasibətləri qorumağa çalışırlar və açıq qarşıdurma platformasına çevrilmək istəmirlər. Bu səbəbdən TDT daha çox çoxvektorlu əməkdaşlıq platforması modeli üzərində inkişaf edir.

“TDT+” formatı isə təşkilatın yeni mərhələyə keçidini göstərən vacib siyasi siqnaldır”.

Onun sözlərinə görə, ABŞ, Çin, Yaponiya, İsrail və digər aktorlarla ayrıca dialoq mexanizmlərinin qurulması TDT-ni regional çərçivədən çıxarıb daha geniş geosiyasi oyunçuya çevirmək məqsədi daşıyır. Bu model bir tərəfdən türk dövlətlərinin kollektiv diplomatik çəkisini artırır, digər tərəfdən isə böyük güclər arasında balans siyasəti aparmağa imkan verir.

Bununla belə, politoloq hesab edir ki, “TDT+”ın qlobal güclərlə rəqabət aparacaq yeni blok formalaşdırdığı barədə fikirlər hələlik müəyyən qədər şişirdilmiş görünür. Reallıqda təşkilatın əsas məqsədi rəqabətdən çox geoiqtisadi dividendlər qazanmaq və üzv dövlətlərin strateji manevr imkanlarını genişləndirməkdir. Yəni TDT yaxın illərdə daha çox Avrasiyada təsirli regional güc mərkəzi kimi çıxış edə bilər, lakin qlobal güclərlə açıq qarşıdurmaya girən hərbi-siyasi blok modelinə çevrilməsi ehtimalı zəif görünür.

Bununla belə, əgər Orta Dəhliz layihəsi güclənərsə, enerji və nəqliyyat inteqrasiyası dərinləşərsə, müdafiə əməkdaşlığı genişlənərsə və Türkiyə–Qazaxıstan–Azərbaycan oxu daha koordinasiyalı siyasət yürüdərsə, TDT gələcəkdə Avrasiyanın əsas geosiyasi platformalarından birinə çevrilə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
bizimyol.info

1Mənbələr