“Robert Koçaryanın həbs edilməsi ilə bağlı məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Azərbaycanda bu prosesə aid hüquqi prosedurlar başlanmalıdır. Bu məsələdə hələ ki Ermənistanla diplomatik əlaqələr və normativ bazamız yoxdur”.
Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, Koçaryanın Paşinyanı təhqir etməsi ona baha başa gələ bilər: Dominos pizza
“Bakı danışıqlar yolu ilə İrəvan qarşısına şərt qoysa, Koçaryanın ekstradisiyası məsələsi öz həllini tapacaq. Beynəlxalq təcrübə bundan ibarətdir. Koçaryanın adı vaxtilə Ermənistan prezidenti olduğu dövrdə bir sıra korrupsiya və vəzifədən sui-istifadə əməlləri ilə hallanıb. Bu baxımdan, onun təkcə Azərbaycan yox, Ermənistan qanunvericiliyi qarşısında da məsuliyyəti var.
Digər tərəfdən, hazırki seçki kampaniyasında Koçaryan və Paşinyanın bir-birlərinə qarşı sərt və təhqiramiz ifadələr səsləndirdiyini görürük. Paşinyan yenidən baş nazir olarsa, bu ritorika Koçaryana baha başa gələ bilər”.
Politoloq vurğulayıb ki, İrəvan seçkilərdən sonra mütləq şəkildə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı referendum keçirməlidir:
“Müşahidə olunan siyasi gərginlik bir çox məsələlərə təsir edəcək. Əslində Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycan üçün bir o qədər əhəmiyyət kəsb etmir. Şərtimiz ondan ibarətdir ki, Ermənistan hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarını əks etdirən qanunları ləğv etsin. Konstitusiyanı dəyişmək üçün referendum baş verməlidir. Bu baxımdan, bizi prosesin ikinci mərhələsi maraqlandırır. Əgər Bakının tələbləri yerinə yetirilməsə, sülh sazişi elə paraflanmış vəziyyətdə qalacaq. Azərbaycan qanunvericiliyində özünə qarşı ərazi iddiaları olan dövlətlə sülh sazişinə qol çəkə bilməz”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan özünün seçki kampaniyası ilə bağlı çıxışında Koçaryanın həbs olunmalı olduğunu deyib.
"1 mart işi" üzrə məhkum edilmiş və sonradan bəraət almış bir insan kimi deyə bilərəm ki, ədalət mühakiməsi zəfər çalmalıdır. Başqa cür ola bilməz. Şəxsən məsuliyyət daşıyan şəxslər var", - deyə Ermənistan lideri bildirib. Onun sözlərinə görə, "1 mart işi" 100% açılıb və Ermənistanın hüquq-mühafizə orqanları Robert Koçaryanı məsuliyyətə cəlb etməlidirlər və həbs olunmalıdır.
Paşinyan bəyan edib ki, bu, baş verməyənə qədər hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə olduğuna inandıra bilməyəcək.
Nazim Hacıyev
Telegram kanalımız