AZ

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 

15 may 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda keçirilən qeyri-rəsmi iclasında iştirak və çıxış edib..

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklər, davam edən münaqişələr, hibrid təhdidlər, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların Türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib.

Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Nazir çıxışında “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunun aktuallığını qeyd edərək, süni intellekt texnologiyalarının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, səhiyyə və təhlükəsizlik sahələrində sürətli transformasiya yaratdığını bildirib. Eyni zamanda, kibertəhlükəsizlik, məlumatların qorunması, dezinformasiya və texnoloji bərabərsizlik kimi çağırışların diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Azərbaycanın rəqəmsal transformasiya və innovasiya əsaslı inkişaf siyasətinə xüsusi önəm verdiyi, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Tədbirlər Planı”nın bu istiqamətdə mühüm əhəmiyyət daşıdığı bildirilib.

Ölkəmizin “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Avropa ilə Asiya arasında rəqəmsal bağlantının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Bu kontekstdə Trans-Xəzər fiber-optik kabel layihəsinin strateji əhəmiyyəti qeyd edilib.

Türk dövlətləri üçün rəqəmsal transformasiyanın uzunmüddətli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində birgə tədqiqat və innovasiya əməkdaşlığının inkişaf etdirilməsi, insan kapitalına və rəqəmsal bacarıqlara investisiyaların artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq üzrə hüquqi baza yaradılması təşəbbüsü ilə çıxış etdiyi bildirilməklə yanaşı, Təşkilatın Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verilib, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanın innovativ və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qəbulunun göstəricisi olduğu qeyd edilib.

Sonda iclas zamanı aparılacaq müzakirələrin Türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Poliqon.info

Seçilən
0
7
poliqon.info

10Mənbələr