AZ

Gözəldir, rəngbərəngdir, amma ekoloji faydası yoxdur - Bakıda yaşıllaşdırma adı altında israfçılıq

Bakı şəhərində son illərdə abadlıq və yaşıllaşdırma istiqamətində mühüm addımlar atılır, paytaxtın müxtəlif ərazilərində yeni parklar və istirahət məkanları salınır. Bu təşəbbüslər şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərsə də, sürətlə artan urbanizasiya fonunda problemlər hələ də aktuallığını qoruyur. Xüsusilə havanın çirklənməsi, yaşıllıq sahələrinin balanslı bölüşdürülməsi və memarlıq baxımından vahid şəhər konsepsiyasının qorunması məsələləri diqqət mərkəzində qalır.

Bəs paytaxtda ekoloji tarazlığın daha da yaxşılaşdırılması və şəhərsalma baxımından hansı əlavə addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan memar Elçin Əliyev bildirdi ki, son illərdə Azərbaycanda çox gözəl parklar açılır:

"Faktiki bu istiqamətdə çox iş görülür. Bu, şəhər icra hakimiyyəti tərəfindən, dövlət tərəfindən insanlara göstərilən bir qayğıdır. Amma baxırsan, təzə parklarda ağacın yerinə rəngbərəng, balaca bitkilər, kol növləri əkilib. Bəli, gözəldir, rəngbərəngdir, bəlkə də insanın ürəyini açır. Amma onların ekologiyaya faktiki əhəmiyyəti yoxdur. Onların yerinə ağac əkilməli idi. Məsələn, bu ərazidə minilliklər boyu zeytun ağacları çox gözəl əkilib və əkilir. Həmçinin şam ağacları var. Amma yenə də həmin balaca kollar əkilir. Üstəlik, onlar çox bahadır, qulluq xərcləri də yüksəkdir. Halbuki bizim iqlimə uyğun şam ağacı, zeytun ağacı var. Niyə bunlar əkilmir? Bunlar daha ucuzdur, o qədər də qulluq tələb etmir. Bu baxımdan istəyərdim ki, şəhər icra hakimiyyəti bu məsələlərə bir qədər daha diqqətlə yanaşsın. Ümumiyyətlə, iqlimdən danışarkən vəziyyətin yaxşılaşdığını demək olar. Bir memar kimi bilirəm ki, avtomobillərin yanacaq yandırması nəticəsində, xüsusilə şəhərin mərkəzində xaotik nəqliyyat səbəbindən hava çox çirklənir. Amma son onilliklərdə görürük ki, bu istiqamətdə xeyli səylər göstərilir. Məsələn, şəhərin mərkəzinə avtomobillərin girişi məhdudlaşdırılır. Yeni yollar açılır, yol zolaqları ilə bağlı yeni prinsiplər tətbiq olunur və bunların hamısı öz təsirini göstərir. İctimai nəqliyyata daha çox üstünlük verilir. Yeni avtobus xətləri açılır. Görürsünüz ki, son beş-altı ildə avtobuslar artıq benzinlə deyil, əsasən elektriklə işləyir və bu, çox müsbət haldır. Mənim yadımdadır ki, 10-15-20 il əvvəl şəhərdə avtobusların arxasınca qalın qara tüstü çıxırdı. İndi isə belə mənzərələrə rast gəlinmir. Bütün bunlar ekologiyaya müsbət təsir göstərir və biz bunu getdikcə daha çox hiss edirik".

Müsahibimiz əlavə etdi ki, uzun müddət Bakı şəhəri baş plansız inkişaf edib. Onun sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan, müstəqillik bərpa olunduqdan sonra Bakının uzun müddət baş planı olmadı:

"Nəhayət, baş plan qəbul edildi. Artıq Bakının inkişafı üçün konkret bir sənəd var və həmin sənəddə şəhərin gələcək 10, 15, 20, 30 il üzrə inkişaf istiqamətləri göstərilib. Şəhər də bu plana uyğun inkişaf edir. Təbii ki, bu, memarlıqda da öz əksini tapıb. İndi görürük ki, şəhərin mərkəzində çox gözəl yeni memarlıq nümunələri formalaşır. Məsələn, Neftçilər prospektində, Heydər Əliyev prospektində çox gözəl binalar tikilir. Bakı artıq 21-ci əsrdə dünya memarlıq mərkəzlərindən birinə çevrilir və mən bununla fəxr edirəm. Burada dünyanın aparıcı memarları çalışır. Necə ki, 150 il əvvəl neft bumu dövründə Avropanın və dünyanın tanınmış memarları Bakıya gəlirdi, bu gün də eyni proses təkrarlanır. Dünyanın aparıcı memarları bura gəlir, yeni layihələr hazırlayır və tikintilər həyata keçirirlər. Bizim çox güclü yerli memarlarımız var. Məsələn, Nəriman İmaməliyev, Nazim Vəliyev, Sənan Salamzadə və digərləri. Onların layihələri həm Bakıda, həm də Qarabağda yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə, dünya praktikasında nadir hallarda rast gəlinir ki, Qarabağ kimi böyük bir ərazi, hətta bəzi Avropa ölkələrindən daha böyük bir region bu qədər geniş miqyasda və qısa müddətdə yenidən qurulsun. Orada onlarla yeni şəhər salınır, yüzlərlə kənd bərpa olunur. Bu, bütün dünyanın diqqətini cəlb edir. Məhz buna görə yaxın günlərdə Bakıda Dünya Şəhərsalma Forumu - WUF13 keçiriləcək. Bu təsadüfi deyil. Dünya ictimaiyyəti və mütəxəssislər görürlər ki, Bakıda və ümumilikdə ölkədə necə böyük miqyaslı işlər həyata keçirilir və bu da beynəlxalq səviyyədə belə tədbirlərin keçirilməsinə zəmin yaradır".

Ekoloq Amin Məmmədov da mövzu ilə bağlı saytımıza açıqlamasında bildirdi ki, Bakıda ətraf mühitin təmizliyi baxımından həllini gözləyən çox məsələlər var:

"Bu problemlərin hamısını birdən həll etmək mümkün deyil. Ona görə də mərhələli şəkildə bu problemlərin həlli ilə məşğul olmaq lazımdır və hökumət də bu istiqamətdə işi məhz belə qurur. Dünən cənab Prezidentin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Tullantıların İdarə Olunması üzrə Dövlət Agentliyi yaradıldı. Çünki Bakıda artıq 3 milyondan çox əhali yaşayır və bunun yaratdığı məişət tullantılarının daşınması, utilizasiyası kifayət qədər çətin məsələdir. Ona görə bu sahəni tənzimləyən ayrıca dövlət qurumunun olması vacib idi. Bundan başqa, Bakıda yaşıllıq ərazilərinin az olması digər ciddi problemlərdən biridir. Bu qədər əhalini oksigenlə təmin etmək üçün daha çox yaşıllığa ehtiyac var. Amma bu yaşıllıq sahələrinin salınması üçün uyğun yerlərin müəyyən edilməsi məhduddur, çünki şəhər ərazisi artıq çox yüklənib. Eyni zamanda yaşıllıq salındıqdan sonra ona qulluq, suvarma və digər ehtiyacların təmin edilməsi də əlavə çətinliklər yaradır və bu, böyük investisiya tələb edir. Son illərdə milyonlarla ağac əkilib, lakin həmin ağacların böyüməsi və inkişafı üçün də davamlı tədbirlər görülməlidir".

Ekspert nəzərə çatdırdı ki, oksigen məsələsi də birbaşa ağaclarla bağlıdır:

"Hansı ağacların əkilməsi məsələsində isə Bakının özünəməxsus iqlimi nəzərə alınmalıdır. Bildiyiniz kimi, Bakıda güclü küləklər olur və hər ağac bu şəraitə tab gətirə bilmir. Küləkli mühitdə bütün ağac növlərinin böyüməsi mümkün deyil. Oksigen verən ağacları əkmək istəsək də, onları burada saxlamaq çətin olur. Ona görə Bakıda küləyə və susuzluğa dözümlü ağaclar əkilməlidir. Məsələn, zeytun, şam, sərv kimi ağaclar bu baxımdan daha uyğundur. Çinar ağacı yaxşı ağacdır, lakin Bakıda onu saxlamaq çətindir. Müxtəlif həşəratlar və xəstəliklər ağacın içəridən çürüməsinə səbəb olur. Bu səbəbdən həm küləyə, həm xəstəliklərə, həm də az suya dözümlü ağac növlərinin seçilməsi vacibdir. Digər tərəfdən, ətraf mühitin qorunması istiqamətində bir çox addımlar atılır. Məişət çirkab sularının təmizlənərək dənizə buraxılması sahəsində ciddi işlər görülür. Yaşıllıqların artırılması istiqamətində tədbirlər həyata keçirilir. Məişət tullantılarının idarə olunması sahəsində son onilliklərdə mühüm irəliləyişlər əldə edilib. Balaxanıda zibil yandırma zavodu fəaliyyət göstərir. Poliqon bərpa olunub, çeşidləmə zavodu qurulub və tullantılar təkrar emala yönləndirilir. Taxta, kağız, metal, rezin və digər materiallar ayrılaraq yenidən istifadə edilir".

NURİYYƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Seçilən
28
1
redaktor.az

2Mənbələr