AZ

Tıxacın səbəbi Bakının yolları deyilmiş - Elməddin Muradlıdan diqqətçəkən AÇIQLAMA

Son illərdə Bakı şəhərində nəqliyyat sıxlığı daha da artmaqdadır. Xüsusilə pik saatlarda yollarda yaranan tıxaclar şəhər sakinlərinin gündəlik həyatına ciddi təsir göstərir. Artan avtomobil sayı və şəhər infrastrukturunun bu sürətə uyğunlaşmaması problemi daha da dərinləşdirir.

Mütəxəssislərin fikrincə, problemin həlli qısamüddətli deyil, uzunmüddətli yanaşma tələb edir və əsas diqqət bölgələrin sosial-iqtisadi inkişafına yönəlməlidir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu problemin əsas həlli yalnız uzunmüddətli strategiya ilə mümkündür:

“Bu məsələ ilə bağlı mənim təklif edə biləcəyim əsas addım yalnız uzunmüddətli perspektivə hesablanmış addımdır və bunun kökündə bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması dayanır. İkinci alternativ çıxış yolu görmürəm.”

Onun sözlərinə görə, Bakı şəhərinin yol infrastrukturu mövcud nəqliyyat yükünü qarşılamaq üçün kifayət etmir:

“Hesablamalara görə, bizə təxminən 5000 km yol lazımdır, hazırda isə 2500 km-ə yaxın yol var. Ya avtomobillərin sayı çoxdur, ya da yollar azdır. Buna görə yolları genişləndirmək belə bu yükü tam qarşılamayacaq”.

Mütəxəssis qeyd etdi ki, ölkədə avtomobil sayı hər il sürətlə artır:

“İllik ölkəyə daxil olan avtomobillərin sayı təxminən 100 min civarındadır. Buna görə əsas həll yolu bölgələrin inkişafıdır. Daimi iş yerləri, sosial-iqtisadi inkişaf, istirahət və turizm zonaları yaradılmalıdır. Bu addımlar həyata keçirilərsə, bölgələrdən Bakıya köç azalacaq və tıxac problemi xeyli yüngülləşəcək".

Müsahibimizin fikrincə, bölgələrin zəif inkişafı Bakıya kütləvi köçün əsas səbəbidir:

“Bunlar həll olunarsa, bölgələrdən Bakıya axın azalacaq və problem də aradan qalxacaq. Təəssüf ki, bölgələrin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsi nəticəsində bu proses gecikib”.

E.Muradlı əlavə etdi ki, vaxtında düzgün dövlət proqramları icra olunsaydı, vəziyyət bu həddə çatmazdı.

Aişə CƏFƏRQULİYEVA

Seçilən
14
1
redaktor.az

2Mənbələr