AZ

Yaqo Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı – ARENA.AZ

İspaniya La Liqasında mübarizə aparan “Selta”nın ən yaxşı bombardiri olan Yaqo Aspas bu klubda daha bir tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, təcrübəli hücumçu bu komandanın heyətində İspaniya çempionatında meydana çıxmış ən yaşlı futbolçu olub.

Aspas buna 38 yaş 284 günlüyündə nail olub. O, Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu qırıb. “Selta”nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısında növbəti yerləri Visente Kaita, Qonsalo Marsa və Yayo Sans tuturlar.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 46 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 570 oyun, 222 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

38 yaşlı futbolçunun “Selta” ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.

Aspas 2016-cı ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. O, 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 38 yaşlı futbolçunu 1,8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
13
arena.az

10Mənbələr