AZ

Köçəryan Ermənistan üçün nə dərəcədə təhlükəlidir? – Paşinyandan ictimaiyyətə xatırlatma- ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan "1 mart" işinin tam açıldığını bildirərək, sabiq prezident Robert Köçəryanın hüquqi cəzasını almalı olduğunu vurğulayıb. Paşinyan qeyd edib ki, Köçəryanın azadlıqda qalması ölkədə ədalət sisteminə inamı sarsıdır və məsələ şəxsi deyil, institusional müstəvidə həllini tapmalıdır.

"2008-ci ilin 1 mart hadisələri - prezident seçkilərindən sonra baş verən proseslər, insanların ölümü ilə nəticələnən qarşıdurmalar və keçirilən mitinqlər - uzun illərdir Ermənistan cəmiyyətinin yaddaşında qalıb. Təbii ki, həmin hadisələr hakimiyyət daxilində də daim nəzarətdə saxlanılan və diqqətdə olan mövzulardan biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün Paşinyanın həmin məsələni yenidən gündəmə gətirməsi bir neçə məqamı göstərir. Birincisi, Paşinyan seçkiqabağı dövrdə daxili siyasətdə yenidən aktivlik yaratmağa çalışır. İkincisi isə, bildiyimiz kimi, son dövrlərdə sosial şəbəkələrdə Robert Köçəryanın namizədliyi ilə bağlı müxtəlif müzakirələr aparılır. Paşinyanın 1 mart hadisələrini yenidən qabartması həm də Robert Köçəryanın yenidən siyasi səhnəyə qayıdışının qarşısını almağa hesablanıb. Burada əsas məqsəd Robert Köçəryanın Ermənistan üçün nə qədər təhlükəli və zərərli siyasi fiqur olduğunu ictimaiyyətə yenidən xatırlatmaqdır. Yəni Paşinyan cəmiyyətdə 1 mart hadisələrinin yaratdığı mənfi xatirələri yenidən aktuallaşdıraraq insanları köhnə hakimiyyətə qarşı səfərbər etməyə çalışır. Bununla da Köçəryan və onun ətrafının Ermənistanı yenidən qarşıdurma və münaqişə mühitinə sürükləyə biləcəyi mesajı verilir. Eyni zamanda bu addım Paşinyanın özünə potensial rəqib hesab etdiyi Robert Köçəryanı siyasi səhnədən tamamilə silmək cəhdi kimi də qiymətləndirilə bilər. Çünki məlumdur ki, Köçəryanın Ermənistan cəmiyyətində müəyyən nüfuzu hələ də qalmaqdadır və Paşinyan məhz həmin nüfuzu zəiflətməyə çalışır. Başqa sözlə desək, Paşinyan həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi mesaj verir. O, bir tərəfdən Robert Köçəryanı keçmişin simvolu kimi təqdim edir, digər tərəfdən isə özünün gələcək siyasi addımları üçün meydanı təmizləməyə çalışır. Bununla Paşinyan növbəti seçkilərdə qələbə şansını artırmaq, həmçinin seçkiöncəsi və seçki dövründə xaricdən gələ biləcək siyasi təzyiqlərin qarşısını almaq məqsədi güdür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr