AZ

“Roza” susqunluğu pozdu

ABŞ-də uzun illərdir davam edən və hələ də tam bağlanmamış Ceffri Epşteyn işi yeni ifadələr və sənəd qalmaqalları fonunda yenidən ictimai diqqət mərkəzinə qayıdıb. Son dinləmələrdə çıxış edən zərərçəkmişlər həm şəxsi travmalarını, həm də dövlət qurumlarının məlumatların idarə olunmasında yol verdiyi səhvləri sərt tənqid ediblər.

Musavat.com-un xəbərinə əsasən, ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış edən, Özbəkistandan olan və şərti olaraq “Roza” adlandırılan qadın yeniyetmə yaşlarında model agenti Jean-Luk Brunel vasitəsilə Epşteyn çevrəsinə cəlb olunduğunu bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə “parlaq modellik karyerası” vədi ilə aldadılıb, daha sonra ABŞ-yə gətirilib və illərlə sistemli zorakılığa məruz qalıb.

“Roza” Konqres qarşısında verdiyi ifadədə sosial vəziyyətinin onun hədəfə çevrilməsində rol oynadığını deyib:

“İmtiyazsız ailədən olduğum üçün məcburiyyət üçün ideal namizəd idim”.

O, 2009-cu ildə ABŞ-yə gəldiyini, daha sonra isə Florida ştatında Epşteyn ilə tanış olduğunu və zorakılığın illərlə davam etdiyini iddia edib. Qadının sözlərinə görə, ona əvvəlcə iş vəd edilib, lakin bu proses tədricən nəzarət və istismar mühitinə çevrilib. Roza bildirib ki, Epşteynin ev dustaqlığında olduğu dövrdə belə onun təsir dairəsindən tam çıxmayıb. Florida ştatında yerləşən “West Palm Beach” bölgəsində baş verən hadisələr zamanı ona qarşı cinsi zorakılıqların davam etdiyi iddia olunur.

“Bir gün masaj terapevtinin çağırışı ilə otağa daxil oldum və orada ilk dəfə mənə təcavüz edildi. Sonrakı illərdə bu, sistematik şəkildə davam etdi”, - deyə o, ifadəsində bildirib.

Son günlərdə Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlər də yeni müzakirələrə səbəb olub.

Qurbanlardan biri bildirib ki, sənədlərdə onun adının səhvən və ya yanlış redaktə nəticəsində ortaya çıxması ciddi təhlükəsizlik və psixoloji problemlər yaradıb. Qeyd edib ki, sənədlərin yayılmasından sonra dünya mediası onunla əlaqə saxlayır və bu vəziyyət onun gündəlik həyatını ciddi şəkildə dəyişdirib:

“Həmişə arxamca baxmalıyam. Yeniyetməlikdə baş verən bu səhvin uzunmüddətli təsirini təsəvvür etmək çətindir”.

Qurum isə daha əvvəl bəzi sənədlərin yanlış redaktə nəticəsində yenidən nəzərdən keçirildiyini, qurbanların kimliyinin qorunmasının prioritet olduğunu və səhvlərin “texniki və insan amili” ilə bağlı ola biləcəyini açıqlayıb.

“Epşteyn işi” üzrə digər qurban Maria Farmer də yazılı ifadə verərək, 1990-cı illərin ortalarından etibarən hüquq-mühafizə orqanlarını xəbərdar etdiyini bildirib. O, dövlət qurumlarını illərlə hərəkətsizlikdə ittiham edərək qeyd edib:

“Hökumət həqiqəti deməyə başlamalıdır”.

Onun ifadəsi Epşteyn şəbəkəsi ilə bağlı xəbərdarlıqların erkən mərhələdə olmasına baxmayaraq, lazımi reaksiyanın verilmədiyi barədə iddiaları yenidən gündəmə gətirib.

“Epşteyn işi” kriminal məsələ olmaqdan çıxaraq siyasi və institusional məsuliyyət mövzusu kimi müzakirə olunur. ABŞ Konqresində keçirilən dinləmələrdə qanunvericilər həm istismar şəbəkəsinin miqyasını, həm də istintaq orqanlarının keçmişdəki fəaliyyətsizliyini araşdırmağa çalışırlar. Eyni zamanda Epşteynin 2019-cu ildə həbsxanada vəfat etməsi işi hüquqi baxımdan bağlasa da, onun ətrafında formalaşmış şəbəkə və mümkün himayə mexanizmləri barədə suallar hələ də açıq qalır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr