AZ

Tramp Şi ilə "konstruktiv model" barədə razılaşdı - Rusiya-Çin münasibətləri sərinləşə bilər...



Məhəmməd Əsədullazadə: "Çin daha çox ABŞ-la iqtisadi əlaqələrə üstünlük verəcək"

Tramp 13-14 may 2026-cı il tarixdə Pekində oldu və Çin prezidenti Si Cinpin ilə tarixi sammit keçirdi. Tərəflər birinci gün artıq konstruktiv əməkdaşlıq üzrə razılığa gəliblər. Birgə açıqlamada növbəti üç il və daha uzun müddət üçün "strateji sabitliyin Çin-ABŞ münasibətlərinin istiqamətverici çərçivəsi" kimi müəyyənləşdirilməsi nəzərdə tutulub.

Ticarət müzakirələrinin əsas istiqamətləri Çinin Amerika kənd təsərrüfatı məhsulları, enerji və aerokosmik texnologiyalar, o cümlədən Boeing təyyarələri alması üzərindədir. ABŞ həmçinin Çinin nadir torpaq minerallarına çıxış əldə etmək və Amerika şirkətlərinin Çin bazarına qida və digər məhsullar ixrac etməsi üçün şərait yaratmaq istəyir.

Trampın Fox News-a açıqlamasına görə, Si Cinpin soya, enerji və 200 ədəd Boeing 737 təyyarəsi almağa söz verib. Bundan əlavə, Si İrana münasibətdə ABŞ-a kömək edəcəyini bildirib.

Trampın bu səfəri onun 2017-ci ildən bəri Pekinə ilk ziyarətidir. Yanında Apple CEO Tim Cook, Tesla CEO Elon Mask, Nvidia CEO Jensen Huang da daxil olmaqla 17 nəfərlik iri biznes nümayəndə heyəti var idi.

Analitiklər bu sammiti tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirir. HSBC-nin Asiya iqtisadçısı Justin Feng bildirdi ki, ABŞ, Çin və Aİ birlikdə qlobal ÜDM-in 60 faizini təşkil edir. Harvard professoru Graham Allison isə iki ölkə arasındakı müvəqqəti barışığın artıq rəsmi müqaviləyə çevriləcəyini proqnozlaşdırdı.

Trampla Si razılaşıblar ki, iki ölkə arasında daha konstruktiv münasibətlər modelinə keçsinlər, ticarət və kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq etsinlər.

ABŞ-la konsrtuktiv münasibət Çinin Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

Rusiya televiziyaları artıq qısqanmağa başlayıblar.

ABŞ ilə Çin arasında münasibətlərin yumşalması ilk baxışda qlobal sabitlik üçün müsbət görünə bilər. Lakin bu yaxınlaşmanın Pekinin digər strateji tərəfdaşları üçün ciddi geosiyasi nəticələr doğuracağı ehtimalı daha yüksəkdir. Xüsusilə Rusiya və İran kimi dövlətlər üçün ABŞ-Çin dialoqunun güclənməsi müəyyən narahatlıq və strateji qeyri-müəyyənlik yaradır.

Ən böyük risklərdən biri Rusiyanın mövqeyi ilə bağlıdır. Son illərdə Moskva və Pekin Qərbə qarşı ortaq geosiyasi xətt formalaşdırmağa çalışdı. Enerji əməkdaşlığı, maliyyə əlaqələri və siyasi koordinasiya Rusiyanın Çinə daha çox yaxınlaşmasına səbəb oldu. Ancaq ABŞ ilə münasibətlərin normallaşması Çin üçün alternativ imkanlar açarsa, Kremlin Pekin üzərindəki strateji əhəmiyyəti azalacaq. Bu halda Rusiya “bərabər tərəfdaş” statusundan daha çox Çinin maraqlarına uyğun hərəkət edən ikinci dərəcəli oyunçu mövqeyinə sıxışdirila bilər.

Moskvanın narahatlığı məhz buradan qaynaqlanır. Rusiya siyasi dairələri anlayır ki, Çin ideoloji sədaqətdən çox praqmatik maraqlarla hərəkət edir. Əgər Vaşinqtonla əməkdaşlıq Pekinə iqtisadi və texnoloji üstünlüklər verərsə, Çin Kremlin maraqlarını prioritet hesab etməyəcək. Bu isə Rusiyada "strateji tənhalıq" qorxusunu artırır. Rusiya mediasında və telekanallarında görünən qısqanclıq və ehtiyatlı ritorika da həmin narahatlığın əksidir. Moskva uzun müddət özünü Pekinin əsas dayaqlarından biri kimi təqdim etsə də, Çin-ABŞ yaxınlaşması bu təsəvvürü sarsıda bilər.

İran üçün isə mənzərə daha həssasdır. Çin Tehranın əsas iqtisadi nəfəs yollarından biridir və enerji ticarətində mühüm rol oynayır. Lakin Pekin indiyədək İranla münasibətlərdə həmişə ehtiyatlı davranıb və ABŞ ilə açıq qarşıdurmaya girəcək addımlardan yayınmağa çalışıb. Əgər Vaşinqton və Pekin arasında münasibətlər sabitləşərsə, Çin İranla əməkdaşlıqda daha selektiv davranmağa başlaya bilər. Bu isə Tehranın beynəlxalq təcridini daha da dərinləşdirə bilər.

Əslində Çin uzunmüddətli perspektivdə heç bir blokun tam üzvü olmaq istəmir. Pekinin əsas strategiyası müxtəlif güc mərkəzləri arasında balans yaratmaq, hər tərəflə işləmək və maksimum iqtisadi-strateji fayda əldə etməkdir. Çin həm Moskva ilə tərəfdaşlıq edir, həm İranla enerji əlaqələrini qoruyur, həm də ABŞ bazarı və texnologiyalarına çıxışı itirmək istəmir. Bu "çoxvektorlu diplomatiya" Pekinə böyük manevr imkanları qazandırır.

Lakin bu balans siyasətinin başqa tərəflər üçün ciddi nəticələri ola bilər. Rusiya və İran kimi ölkələr Çini strateji dayaq hesab etdikcə, Pekinin Vaşinqtonla yaxınlaşması onların geosiyasi mövqeyini zəiflədə bilər. Çin üçün əsas məqsəd riskləri minimuma endirib, faydanı maksimumlaşdırmaqdır. Amma bu strategiya tərəfdaşları arasında etimadsızlıq yaradır və beynəlxalq sistemdə yeni rəqabət dalğasına səbəb ola bilər.

Politoloq Məhəmməd Əsədullazadə ABŞ prezidenti Donald Trampın Çinə səfərini şərh edərkən bildirib ki, tərəflər arasında aparılan danışıqlar əsasən iqtisadi və siyasi sahələri əhatə edib. Onun sözlərinə görə, İran məsələsində müəyyən razılaşmanın əldə olunacağı gözlənilsə də, bu istiqamətdə nəticə əldə edilməyib.

Politoloq qeyd edib ki, ABŞ və Çin iqtisadiyyatları bir-birindən ciddi şəkildə asılıdır. Kənd təsərrüfatı, sənaye, həmçinin Çinin nadir torpaq elementləri və litium ehtiyatları ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Dünyadakı litium və nadir torpaq elementlərinin böyük hissəsinin Çində cəmləşməsi Pekinin strateji mövqeyini gücləndirir.

Məhəmməd Əsədullazadənin fikrincə, tərəflər siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq iqtisadi əlaqələrin inkişafına üstünlük verməyə çalışırlar. O bildirib ki, uzun müddətdir davam edən “rüsum müharibəsi”nin yaratdığı problemlərin həlli istiqamətində də müəyyən razılıq əldə olunub.

Politoloq əlavə edib ki, Tayvan, Rusiya-Ukrayna müharibəsi və İran məsələlərində ABŞ və Çin arasında ortaq mövqe formalaşmayıb. Onun sözlərinə görə, Vaşinqton Çini öz tərəfinə çəkməklə Rusiyanın beynəlxalq mövqeyini zəiflətməyə çalışır.

"ABŞ müəyyən mənada istəyinə nail oldu. Çin daha çox Amerika ilə iqtisadi əlaqələrə üstünlük verəcək. Rusiya zəiflədikcə isə Çin onun xammal ehtiyatlarını, xüsusilə neft və qazını daha ucuz qiymətə əldə etməyə çalışacaq və Rusiyanı böyük bazar kimi qiymətləndirəcək”, – deyə politoloq vurğulayıb.

Dəniz NƏSİRLİ

Seçilən
15
baki-xeber.com

1Mənbələr