Zəngilan, 15 may, AZƏRTAC
Şərqi Zəngəzurda həyat yenidən öz axarına qayıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri nəticəsində doğma yurd həsrətinə son qoyaraq evlərinə dönən sakinlərin sayı gündən-günə artır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan şəhəri artıq ilk sakinlərini qəbul edib. Şəhərdə məskunlaşma prosesi sürətlə davam edir, ailələr uşaqlıq xatirələrinin izi ilə gəlib burada yeni və firavan həyata qədəm qoyurlar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza bildirib ki, Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin təməli 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Dövlətimizin başçısı tikintinin gedişatını daim diqqət mərkəzində saxlayaraq, 2024-cü və 2025-ci illərdə kompleksdə aparılan işlərlə şəxsən tanış olub.
Ümumi ərazisi 2 hektardan artıq olan bu müasir yaşayış kompleksi 12 binadan ibarətdir. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.
Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər də görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Sonra sakinlərlə söhbət edirik. Doğma yurdlarına qayıdan insanların sevinci yerə-göyə sığmır. Şəhər sakini Yaqub Yaqubov hisslərini bizimlə bölüşərək deyib: “1993-cü ildə Zəngilan işğal olunanda 13 yaşım var idi. O günləri xatırlamaq çox ağırdır. Doğma yurdumuzu tərk edərək məcburi köçkün həyatı yaşamağa başladıq. İllərlə müxtəlif yerlərdə yaşasaq da, qəlbimiz həmişə Zəngilanda qaldı. Ən böyük arzumuz bir gün doğma torpaqlarımıza geri dönmək idi. Uzun illər sonra yenidən doğma şəhərimə qayıtmaq mənim üçün sözlə ifadə olunmayacaq hissdir. Bu gün burada olmaq, uşaqlıq xatirələrimin olduğu küçələri yenidən görmək böyük xoşbəxtlikdir. Zəngilanı tamamilə dəyişmiş, yenilənmiş və müasir şəhər kimi görürük. Burada insanlar üçün hər cür şərait yaradılıb”.
Yaqub Yaqubov daha sonra əlavə edib: “Bu sevincli günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad edildi və biz doğma yurdumuza qayıtdıq. İndi ən böyük arzum odur ki, Zəngilan daha da inkişaf etsin, burada həyat tam canlansın və gələcək nəsillər bu torpaqlarda firavan yaşasınlar.”
Ömrünün böyük hissəsini müəllim kimi Zəngilanda işləmiş Hafizə Bayramova üçün isə qayıdış sanki yenidən doğulmaqdır. “Mən Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuşam. Ailə qurduqdan sonra Zəngilan şəhərində yaşamışam, müəllim işləmişəm. Sonra doğma yurdumuzdan məcburi köçkün düşdük. İllərlə Zəngilansız yaşasaq da, ümidimizi bir an belə itirmədik. İnandıq ki, bir gün doğma torpaqlarımıza qayıdacağıq. İndi isə həmin xoşbəxt günləri yaşayırıq. Məhəllələrimizin abadlığı, yaradılan yüksək şərait insanda böyük qürur hissi doğurur”, - deyə o bildirib.
Zəngilanın küçələrində yenidən eşidilən uşaq gülüşləri və sakinlərin çöhrəsindəki məmnunluq hissi “Böyük Qayıdış”ın ən real və bariz nümunəsidir. 33 illik həsrətdən sonra yenidən alovlanan ocaqlar Zəngilanın müasir memarlıq üslubu ilə vəhdət təşkil edərək, şəhərə yeni bir nəfəs verir. Bu gün Zəngilan öz sahiblərini sadəcə qəbul etmir, həm də onları layiq olduqları ən yüksək həyat standartları ilə qarşılayır. Doğma yurdun hər qarışında hiss olunan bu canlanma gələcəkdə bütöv bir regionun parlaq inkişafından xəbər verir.
Müxbir - Aydın Yavərzadə