AZ

Masallıda “Milli mənəvi dəyərlərdə ailənin rolu” mövzusunda tədbir keçirilib FOTOLAR

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı Rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kollec və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “15 May - Beynəlxalq Ailə Günü” münasibətilə ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin ailə həyatına hazırlanması, erkən nikah, eləcə məişət zorakılığının qarşısının alınması məqsədilə “Milli-mənəvi dəyərlərdə ailənin rolu” mövzusunda tədbir keçirilib.

Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş Vətən şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.

Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova tədbirin giriş sözündə deyib:- Ailə cəmiyyətin əsas sütunu sayılır və sağlam ailə münasibətlərinin formalaşdırılması gənclərin düzgün tərbiyəsində böyük əhəmiyyət daşıyır. Gənclərin ailə həyatına hazırlanması, erkən nikah hallarının və məişət zorakılığının qarşısının alınması bu gün cəmiyyət qarşısında duran ən vacib məsələdir. Maarifləndirici tədbirlər gənclərin sağlam düşüncəli, məsuliyyətli və milli-mənəvi dəyərlərə bağlı fərd kimi formalaşmasına böyük töhfə verir, bu istiqamətdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

Çıxışında Beynəlxalq Ailə Günü münasibətilə ailə dəyərlərinin qorunmasının vacibliyinə toxunan Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Aybəniz Novruzova gənclərin sağlam ailə həyatına hazırlanmasının, erkən nikah və məişət zorakılığının qarşısının alınmasının cəmiyyət üçün mühüm məsələ olduğunu vurğulayıb. O, həmçinin ailənin cəmiyyətin təməli olduğunu deyərək, gəncləri təhsilli, məsuliyyətli və düzgün seçimlər etməyə çağırmış, sağlam və güclü ailələrin güclü cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva milli-mənəvi dəyərlərin qorunub yaşadılmasında ailənin mühüm rolundan danışaraq deyib: ”Ailə xalqın adət-ənənələrinin, mənəvi irsinin və milli kimliyinin gələcək nəsillərə ötürülməsində əsas vasitədir. Uşaqlara, eləcə gənclərə vətənpərvərlik, böyüklərə hörmət, milli adət-ənənələrə bağlılıq kimi dəyərlər ilk növbədə ailədə aşılanır. Sağlam ailə münasibətləri cəmiyyətin mənəvi inkişafına və milli dəyərlərin yaşadılmasına mühüm töhfə verir”.

Tədbirdə gənclərin sağlam ailə həyatına hazırlanmasının vacibliyindən söz açan “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik-hüquqi şəxsin həkim-ginekoloqu İlhamə Nağıyeva qeyd edib ki, erkən nikah gənclərin sağlamlığına, təhsilinə və gələcək həyatına mənfi təsir göstərir, ən əsası gənc qızların fiziki və psixoloji baxımdan ailə həyatına hazır olması olduqca vacib məsələdir. O, həmçinin gənclərə sağlam həyat tərzi, ailə məsuliyyəti və gələcəkdə sağlam nəslin formalaşdırılması ilə bağlı tövsiyələr verib.

Bioloji Təbabət Klinikasının psixoloqu Nigar Həsənova ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, anlayış və düzgün ünsiyyətin vacibliyindən danışıb və sağlam psixoloji mühit ailənin möhkəmliyində əsas amillərdən bir olduğunu deyib.

Tədbirin sonunda tələbələri düşündürən suallara mütəxəssislər tərəfindən ətraflı şəkildə cavab verilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sesqazeti.az

1Mənbələr