AZ

Elnur Ənvəroğlu: Bölgədə nə qədər birlik olsa, kənardan müdaxilə imkanları da bir o qədər azalacaq ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər təkcə Ermənistan və Fransa ilə bağlı mövqeni deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzənin konturlarını göstərən mühüm siyasi mesajları özündə ehtiva edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni status-kvo artıq kənar güclərin diktə etdiyi təhlükəsizlik modelini zəiflədib və regional məsuliyyət prinsipini ön plana çıxarıb.

“Bakı üçün münaqişənin hərbi mərhələsinin başa çatdığı nəzərə alınmaqla bölgədə əsas prioritet kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və uzunmüddətli sülh mexanizmlərinin qurulmasıdır. Azərbaycan postmünaqişə dövründə regionu əməkdaşlıq və qarşılıqlı iqtisadi bağlılıq platformasına çevirməyə çalışır. Buna baxmayaraq, regionun gələcəyini öz maraqları naminə təhlükə altına salmağa çalışan qüvvələr də mövcuddur. Təəssüf ki, bu proseslərə zidd gedən və daim öz geosiyasi maraqları naminə bölgədə gərginliyi qorumağa çalışan qüvvələr effektsiz olsalar da, fəallıqlarını davam etdirirlər”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, Fransanın son illərdə Ermənistanla hərbi-siyasi əlaqələri dərinləşdirməsi balanslaşdırıcı diplomatiya deyil, regionda təsir imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilməlidir.

“Xüsusilə Parisin Ermənistanı silahlandırması, anti-Azərbaycan ritorikasını açıq şəkildə dəstəkləməsi və Avropa institutlarında Bakıya qarşı siyasi təzyiq mexanizmlərini təşviq etməsi Azərbaycanda Fransanın neytral vasitəçi statusunu tam itirdiyi qənaətini gücləndirib. Azərbaycan tərəfi çox haqlı olaraq bunu neokolonial yanaşma kimi təqdim edir. Çünki Fransa Afrikada zəifləyən təsir imkanlarını yeni geosiyasi məkanlarda kompensasiya etməyə çalışır. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı səsləndirilən tənqidlər də eyni strateji məntiqdən qaynaqlanır. Bu heç kimə sirr deyil ki, missiyanın fəaliyyəti artıq texniki müşahidə mandatından kənara çıxaraq siyasi xarakter almağa başlayıb. Əgər missiya həqiqətən etimad quruculuğuna xidmət etsəydi, regional kommunikasiyaların açılması və sülh müqaviləsinin sürətləndirilməsi istiqamətində daha balanslı mövqe nümayiş etdirərdi. Amma biz bunun əksini görürük. Missiyanın mövcudluğu Ermənistan daxilində revanşist qüvvələrin özlərini daha rahat hiss etməsinə və xarici dəstəyə arxalanmasına şərait yaradır”, – deyə o vurğulayıb.

E.Ənvəroğlu bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda verdiyi mesajlar Azərbaycanın postmünaqişə dövründə regionun gələcəyini xarici müdaxilə modelləri üzərində deyil, regional əməkdaşlıq formatı əsasında qurmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

“Burada əsas məqsəd Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan arasında iqtisadi bağlılığı artırmaq, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrlə regionu Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevirməkdir. Şübhəsiz ki, iqtisadi inteqrasiya dərinləşdikcə siyasi sabitlik də daha dayanıqlı xarakter alacaq. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajların əsas mahiyyəti Cənubi Qafqazda xarici müdaxilə imkanlarının azaldılması, regional suverenliyin gücləndirilməsi və postmünaqişə nizamının məhz regional aktorların maraqları əsasında formalaşdırılmasıdır. Bölgədə nə qədər birlik, əməkdaşlıq və qarşılıqlı etimad güclü olarsa, kənardan müdaxilə imkanlarının qarşısı da bir o qədər tez və effektiv şəkildə alınacaq”, – deyə o əlavə edib.

Müxbir- Səbinə Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azertag.az

1Mənbələr