Müasir dövrdə texnologiyanın inkişafı ilə insanların həyat tərzi də əhəmiyyətli dərəcədə dəyişib. Günün böyük hissəsinin kompüter qarşısında, ofisdə və ya ümumilikdə oturaq vəziyyətdə keçirilməsi artıq adi hala çevrilib. Bu isə sağlamlıq üçün ciddi risklər yaradır və bir çox hallarda “səssiz təhlükə” kimi qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, oturaq həyat tərzi yalnız fiziki aktivliyin azalması ilə məhdudlaşmır, eyni zamanda müxtəlif xroniki xəstəliklərin yaranmasına zəmin yaradır. Uzun müddət hərəkətsiz qalmaq orqanizmdə bir sıra mənfi dəyişikliklərə səbəb olur.
Mövzu ilə bağlı həkim-terapevt Sevinc Qasımova Redaktor.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə bir çox peşə sahəsində oturaq həyat tərzi qaçılmaz hal alıb:
“İndiki müasir dövrdə oturaq həyat tərzi demək olar ki, bütün sahələrdə mövcuddur – müəllimlikdə də, həkimlikdə də, proqramistlikdə də. İnsanlar gündə 6-8 saat, bəzən isə 10-12 saat oturaq vəziyyətdə işləmək məcburiyyətində qalır. Bu isə həm sağlamlığımıza, həm də gələcəyimizə ciddi təsir edir və qalıcı xəstəliklərə səbəb olur.”
Onun sözlərinə görə, bu həyat tərzi gündəlik qidalanma vərdişləri ilə birlikdə daha da təhlükəli hala gəlir:
“Oturaq həyat tərzi zamanı insanlar daha çox "fast fud"dan istifadə edir, eyni zamanda uzun müddət ekran qarşısında qalmaq gözlərə də mənfi təsir göstərir. Bütün bunlar həyat keyfiyyətinə ciddi təsir edir”.
Həkimin sözlərinə görə, hərəkətsizlik ilk növbədə metabolik pozuntulara səbəb olur:
“Oturaq həyat tərzi zamanı metabolik pozuntular yaranır, əsasən də kökəlmə artır. Bu isə hormonal və metabolik dəyişikliklərlə bağlıdır. Qaraciyərin piylənməsi, qalxanabənzər vəzin fəaliyyətinə təsir və insulin rezistentliyi kimi problemlər meydana çıxır".
Müsahibimiz qeyd etdi ki, genetik meyillər olsa belə, həyat tərzi bu xəstəliklərin yaranmasını sürətləndirir:
“Genetik faktorlar rol oynasa da, oturaq həyat tərzi bu xəstəliklərə təkan verir və onların daha tez üzə çıxmasına səbəb olur”.
Terapevt vurğuladı ki, uzun müddət hərəkətsiz qalmaq bədənin müxtəlif sistemlərinə mənfi təsir edir:
“Piylənmə, qaraciyərin piylənməsi, orqanların funksional zəifləməsi, mədə-bağırsaq sistemində qəbizlik, damarların kirəcləşməsi kimi problemlər yaranır. Eyni zamanda aşağı ətraflarda varikoz, ayaqlarda ödem, düz bağırsaqda babasil kimi hallar müşahidə olunur”.
Sevinc Qasımova əlavə etdi ki, bu həyat tərzi yalnız fiziki deyil, zehni sağlamlığa da təsir edir:
“Metabolik pozuntular nəticəsində bütün sistemlər zədələnir. Bu isə zehni yorğunluğa, yaddaşın zəifləməsinə, bəzən isə amneziya kimi hallara gətirib çıxara bilər. Eyni zamanda görmə zəifləyə bilər”.
Onun sözlərinə görə, hərəkətsiz həyat tərzi uzunmüddətli dövrdə daha ciddi problemlərə səbəb olur:
“Müasir dövrün səssiz təhlükəsi hesab edilən bu vəziyyət gələcəkdə ürək-damar xəstəliklərinin artmasına, dayaq-hərəkət sistemi problemlərinə, o cümlədən kifoz kimi xəstəliklərə səbəb ola bilər. Uzun müddətdə varikoz və mədə-bağırsaq problemləri də yaranır”.
Sonda həkim qeyd etdi ki, oturaq həyat tərzi müasir dövrdə ən ciddi sağlamlıq risklərindən biridir və uzunmüddətli perspektivdə həm fiziki, həm də psixoloji sağlamlığa zərər verərək müxtəlif xroniki xəstəliklərin yaranmasını sürətləndirir. Buna görə də gündəlik fiziki aktivliyin artırılması vacib sayılır.
Aişə CƏFƏRQULİYEVA