AZ

İlqar Orucov DİM-də böyük dəyişiklikdən DANIŞDI: "Nəticələr bir neçə saata açıqlana bilər"

"Süni intellektin və rəqəmsallaşmanın rolu genişlənməkdədir və düşünürəm ki, yaxın perspektivdə biz süni intellekt vasitəsilə bir çox fəaliyyətlərin reallaşması istiqamətində işləri görə biləcəyik. Bunlardan biri də, təbii ki, süni intellektin imtahanlardakı yazı işlərinin yoxlanılmasına keçid olacaq. Bununla bağlı artıq dünyada və beynəlxalq praktikada istifadə mövcuddur və beynəlxalq qiymətləndirmə praktikasında “Avtomatlaşdırılmış Essenin Qiymətləndirilməsi Texnologiyası” kimi tanınan formatdan istifadə olunur. Bu sistem qlobal səviyyədə nəhəng təhsil qurumları tərəfindən uzun illərdir tətbiq edilir".

Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi. Onun fikrincə, Dövlət İmtahan Mərkəzinin (DİM) gələcəkdə tətbiq edə biləcəyi bu sistemin iş mexanizmi və burada beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, eyni zamanda hüquqi-texniki aspektləri bir neçə mərhələdə həyata keçirilməlidir:

"Yəqin ki, belə də olacaq. Qlobal imtahan mühərrikləri yazı işini insan kimi oxumur, onu xüsusi meyarlar üzrə riyazi və linqvistik göstəricilərə bölərək analiz edir.

Süni intellekt mətni sadəcə açar sözlərə görə deyil, kontekst və semantik baxımdan təhlil edir, yəni təbii dili emal edərək prosesi həyata keçirir. Yazının sintaktik mürəkkəbliyi, qrammatik düzgünlüyü, punktuasiya qaydalarına uyğunluğu, söz ehtiyatının zənginliyi makro və mikro analiz vasitəsilə ölçülür".

Müsahibimiz vurğuladı ki, beynəlxalq təcrübədə həmçinin hibrid modeldən istifadə olunur:

"Məleykə xanımın da qeyd etdiyi kimi, elektron imtahan idarəetməsində ən uğurlu qlobal model məhz fasiləsiz axın modelidir. Bu sistem tam avtomatlaşdırılmış deyil, insan və texnologiya tərəfdaşlığına əsaslanır ki, bu da faktiki olaraq hibrid modeldir. Hesab edirəm ki, Azərbaycanda prosesi reallaşdırmaq üçün tələb olunan hüquqi və texniki addımlara ehtiyac var.

İlk öncə düşünürəm ki, milli dil korpusunun yaradılmasına ehtiyac var. İngilis dili üçün hazır böyük dil modelləri mövcuddur. Azərbaycan reallığında sistemin işləməsi üçün DİM-in illərdir topladığı yüz minlərlə real şagird inşası və marker qiymətləndirmələri süni intellekt modelinə tanıdılmalıdır. Milli qiymətləndirmə korpusu formalaşdırılmalıdır.

Şagirdin imtahan nəticəsində süni intellektin hansı qrammatik, üslub və ya struktur səbəblərə görə bal kəsdiyini detalına qədər biləcəyi şəffaf hesabat modulu qanunvericilikdə öz əksini tapmalıdır. Yəni burada alqoritmik şəffaflıq hüququ təmin olunmalıdır. Digər tərəfdən, imtahanlar tam kompüterləşdirilmədiyi təqdirdə, kağız üzərindəki müxtəlif insan xətlərini rəqəmsal mətnə səhvsiz çevirə bilən milli sistemlər yaradılmalı və onlar təkmilləşdirilməlidir. Eyni zamanda, elektron imtahan mühitində şagirdlərin hər hansı digər süni intellekt vasitələrindən istifadə edib-etmədiyini aşkarlayan xüsusi protokollar imtahanın hüquqi əsasnaməsinə əlavə edilməlidir. Yəni burada plagiat və generativ süni intellekt nəzarəti də önəmlidir".

İ.Orucov hesab edir ki, süni intellektin tətbiqi markerlərin iş yükünü yarıdan çox azalda, subyektivliyi aradan qaldıra və nəticələrin elan olunma müddətini hazırkı həftələrlə davam edən prosesdən çox daha qısa müddətə, hətta bir neçə saata qədər endirə bilər:

"Bu mənada düşünürəm ki, yeniliklərə açıqlıq çox önəmlidir. Yetər ki, bununla bağlı iradə və istək olsun. Həmçinin bu sürətli keçidlərin tətbiqi üçün qeyd etdiyim hüquqi-normativ baza yaradılmalı və çox vacib olan beynəlxalq təcrübədən düzgün şəkildə faydalanmaqla müasir milli modelimizi qura bilməliyik".

Xatırladaq ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahanların yoxlanılması və sualların ekspertizasında süni intellektin tətbiqi imkanlarından danışıb.

Aytəkin TOFİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr