AZ

Qəzzada HƏMAS lideri İzzəddin əl-Həddadın öldürüldüyü ehtimal olunur

İsrail tərəfi əməliyyatın birbaşa Netanyahu və Katsın göstərişi ilə həyata keçirildiyini açıqlayıb...

HƏMAS-ın Qəzza sektorundakı liderlərindən biri hesab olunan İzzəddin əl-Həddadın İsrail aviazərbəsi nəticəsində öldürüldüyü ehtimal edilir.

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən biri jurnalistlərə açıqlamasında Qəzza şəhərinə endirilən hava zərbəsindən sonra əl-Həddadın öldürülməsinə dair “ilk əlamətlərin” mövcud olduğunu bildirib. Bununla belə, İsrail Müdafiə Qüvvələri hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.

İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats birgə bəyanatda bildiriblər ki, əl-Həddadın zərərsizləşdirilməsi əmri şəxsən onların göstərişi ilə verilib. İsrail rəhbərliyi onu 7 oktyabr hücumlarının əsas təşkilatçılarından biri adlandırıb və HƏMAS-ın tərksilahı üzrə danışıqları pozmaqda ittiham edib.

Bəyanatda qeyd olunub ki, əl-Həddad ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən sülh planının həyata keçirilməsinə qarşı çıxaraq kompromis imkanlarını əngəlləyib.

İsrail kəşfiyyatının məlumatına əsasən, “HƏMAS-ın kabusu” kimi tanınan İzzəddin əl-Həddad təşkilatın Qəzza anklavındakı ən yüksək rütbəli səhra komandirlərindən biri olub. Bildirilir ki, o, indiyədək azı altı sui-qəsd cəhdindən sağ çıxmağı bacarıb və Qətərdə yerləşən HƏMAS siyasi bürosundan fərqli olaraq, təşkilatın silahlı qanadı və girovlarla bağlı qərarlarda real təsir imkanlarına malik olub.

Qeyd olunur ki, təsdiqlənməmiş məlumatlara görə, əl-Həddad və onun ətrafı istənilən güzəşt variantına qarşı çıxaraq HƏMAS-ın tərksilahı prosesinin qarşısını alan əsas qüvvələrdən biri hesab edilirdi.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr