AZ

Osman Gündüz: “Vüsal Aslanovun ifadə forması çox qüsurludur, ağlabatan izahat verilməlidir”

“Vüsal Aslanovun mahiyyətcə belə qəribə və ağlasığmaz fikir səsləndirməsinə şübhə edirəm. Ən maraqlısı odur ki, Bakıda məhz şəhərsalma ilə bağlı qlobal WUF13 tədbiri ərəfəsində belə açıqlama verilir. Bu yanaşma urbanizasiya və nəqliyyat planlamasının məntiqinə tam ziddir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanovun "Bakı ətrafında metro tiksək, o ərazilərin vətəndaşları mərkəzə gəlməyə çalışacaq" fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, metro məhz insanların rahat, sürətli və təhlükəsiz hərəkəti üçün tikilir və şəhərətrafı ərazilərdə metro qurmağın məqsədi də insanları şəxsi avtomobildən uzaqlaşdırmaq, tıxacları azaltmaq və iqtisadi aktivliyi balanslaşdırmaqdır:

 

“Normal şəhər idarəçiliyində məqsəd vətəndaşı şəhərdən uzaq saxlamaq yox, əksinə, şəhəri daha da əlçatan etməkdir. Düşünürəm ki, metro siyasəti şəhər ətrafının şəhərə girişini məhdudlaşdırmağa deyil, birləşdirməyə yönəlməlidir. Həmin açıqlamada "mərkəzdə sıxlıq problemini həll etmək", "mərkəzdə yüklülüyün artmasını" izah etmək əsas götürülüb, lakin təəssüf ki, bunun ifadə forması çox uğursuz alınıb və çox qüsurludur. Bu fikirlər də haqlı olaraq insanlarda, cəmiyyətdə “camaat mərkəzə gəlməsin” təəssüratı yaradıb və haqlı narazılığa səbəb olub. Təəssüf ki, qurum bu vəziyyətin zamanında aradan qaldırılması üçün düzgün böhran kommunikasiyası qura bilməyib. Daha aydın və peşəkar, ağlabatan izahat verilməli, məqsədin vətəndaşın hərəkət azadlığını məhdudlaşdırmaq yox, şəhər yükünü balanslaşdırmaq olduğu düzgün formada çatdırılmalıydı. İctimai kommunikasiyada bəzən bir cümlə bütün niyyəti kölgədə qoya bilir”.

 

Şəhanə Quliyeva

Tarix: 15 May 2026, 22:14   
Seçilən
45
pravda.az

1Mənbələr