AZ

İranın supergüc olmaq iddiası – "Öz liderini qoruya bilməyən dövlət..."

“Vətənimiz dəfələrlə hücuma məruz qalıb, amma İran hər dəfə külündən dirçəlib. Bu dəfə də biz güclüyük, fövqəlgüclər arasındayıq və bir daha yaralarımızı sağaldacağıq”.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dünyanın ən böyük gücü ilə 40 gün döyüşüblər: “Yenə də əllərimiz tətiyin üzərindədir və danışıqlar mövzusunun müəyyənləşdirilməsini gözləyirik. Əsas diqqətimiz davamlı sülhdür”.

Bundan öncə İran parlamentinin vitse-spikeri Həmidrza Hacıbabai “İran dünyanın dörd supergücündən biri olduğunu” iddia eləmişdi. Onun sözlərinə görə, son hadisələr İranın mövqelərinin möhkəmləndirilməsində yeni bir mərhələ başlayıb.

İran rəsmiləri bununla dünyaya, qonşu dövlətlərə hansı mesajı çatdırmaq istəyirlər? Öz ali rəhbərini, digər yüksək çinli şəxsləri, qətllərdən qoruya bilməyən bir ölkə fövqəlgüc statusuna iddia edə bilərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İran rəsmilərinin son bəyanatları İranın hazırkı mərhələdə həm daxili auditoriyaya, həm region ölkələrinə, həm də Qərbə eyni vaxtda siyasi-psixoloji mesajıdır:

“Fövqəlgüc”, “dünyanın dörd supergücündən biri”, “ən böyük güclə 40 gün döyüşmək” kimi ifadələr həm də daxili auditoriya üçündür. Cəmiyyətdə ruh yüksəkliyi, mobilizasiya və inam yaratmağa hesablanmış gedişdir. Burada əsas məqsəd İranın zəifləmədiyi, əksinə, təzyiqlərə baxmayaraq ayaqda qaldığı görüntüsünü yaratmaqdır. Tehran ideoloji və psixoloji üstünlük təsiri formalaşdırmağa çalışır. Bu mesaj ilk növbədə daxili auditoriyaya hesablanır. Hakimiyyət cəmiyyətə demək istəyir ki, təhlükələrə baxmayaraq sistem davam edir, xarici təzyiqlər İranı çökdürə bilməyəcək, dövlət hələ də regional gücdür.

Dünyaya isə “rejim dağılmır” mesajını verirlər. Tehran göstərmək istəyir ki, bütün təzyiqlərə baxmayaraq dövlət sistemi işləyir və hakimiyyət nəzarəti itirməyib. “Külündən dirçəlmək” ritorikası İran İslam Respublikasının 1979-cu ildən formalaşdırdığı “müqavimət dövləti” ideologiyasının əsas elementlərindən biridir. Tehran region ölkələrinə və Qərbə çatdırmağa çalışır ki, İranı zəif və ya təcrid olunmuş aktor kimi qiymətləndirmək səhv olar. İran böyük raket arsenalına, regional proksi şəbəkələrə, enerji resurslarına, strateji coğrafi mövqeyə malik olduğunu xatırladır”.

Politoloq hesab edir ki, Fatimə Mühaciraninin “əllərimiz tətiyin üzərindədir” və eyni zamanda “əsas diqqətimiz davamlı sülhdür” ifadələri klassik İran diplomatiyasının ikili xəttini göstərir:

“Bir tərəfdən sərt güc nümayişi, digər tərəfdən danışıqlara açıq olduqlarını mesaj verirlər. Tehran çalışır ki, qarşıda ola biləcək diplomatik proseslərdə zəif tərəf kimi görünməsin”.

Q.Hüseynli qeyd edib ki, İranı fövqəlgüc hesab etmək çətindir. İran daha çox regional gücdür:
“Yaxın Şərqdə təsir imkanları genişdir, raket və pilotsuz uçuş aparatları proqramı inkişaf edib, proksi qüvvələr vasitəsilə təsir mexanizmi qurub, enerji və tranzit baxımından strateji mövqedə yerləşir. Yəni Tehran qlobal fövqəlgüc olmasa da, region miqyasında ciddi təsir imkanlarına malik dövlət olaraq qalır.
Əgər dövlət öz yüksək vəzifəli şəxslərini və kritik infrastrukturlarını tam qoruya bilmirsə, bu, təbii olaraq “fövqəlgüc” iddialarını sual altına salır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr