AZ

ABŞ-də iki sabiq meksikalı məmur həbs edilib

Onlar narkotik qaçaqmalçılığı və “Sinaloa” karteli ilə əlaqələrdə ittiham olunurlar...

Poliqon xəbər verir ki, ABŞ məhkəməsinin qərarı ilə Meksikanın Sinaloa ştatının iki sabiq yüksək vəzifəli şəxsi həbs olunub. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin silah qaçaqmalçılığı ilə bağlı ittihamlarla üzləşiblər.

“El Financiero” nəşrinin məlumatına görə, saxlanılan şəxslərdən biri Sinaloa ştatının keçmiş ictimai təhlükəsizlik naziri Gerardo Méridadır. ABŞ prokurorluğu onun narkotik və silahların ABŞ ərazisinə qanunsuz daşınması ilə bağlı cinayət sxemində iştirak etdiyini iddia edir. Bildirilir ki, Gerardo Merida ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Həbs edilən digər şəxs isə Sinaloa ştatının sabiq maliyyə naziri Enrique Alfonso Díaz Vegadır. O, ABŞ-ın sorğusu əsasında İrlandiyada saxlanılıb və hazırda ekstradisiya prosedurunun aparıldığı bildirilir.

Məlumata əsasən, ABŞ hakimiyyəti son aylarda “Sinaloa” narkokarteli ilə əlaqələrə qarşı genişmiqyaslı araşdırmalar həyata keçirir. Bu çərçivədə ABŞ Ədliyyə Nazirliyi aprel ayında on meksikalı məmura qarşı ittiham irəli sürüb. Onlar narkotiklərin ABŞ-a daşınması və “Sinaloa” karteli ilə əməkdaşlıqda şübhəli bilinirlər.

İttiham olunan şəxslər arasında Sinaloa ştatının hazırkı qubernatoru Rubén Rocha Moya da yer alır. ABŞ tərəfi hesab edir ki, regionda fəaliyyət göstərən narkokartellər bəzi dövlət strukturlarına nüfuz etməklə qanunsuz fəaliyyətlərini genişləndiriblər.

Qeyd edilir ki, “Sinaloa” karteli uzun illərdir dünyanın ən güclü narkotik şəbəkələrindən biri hesab olunur və ABŞ bazarına böyük həcmdə narkotik maddələrin daşınmasında əsas rol oynayır. Vaşinqton son dövrlərdə kartelin maliyyə və siyasi əlaqələrinin ifşa olunmasına xüsusi diqqət yetirir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr