Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 16 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahanda ölkə üzrə ən yüksək nəticəni – maksimum 300 balı Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbinin məzunu Ayxan Babazadə əldə edib. Bu uğur həm ailəsində, həm də müəllimlərində, onu tanıyan hər kəsdə böyük sevinc və qürur hissi yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri gənc məzunun ailəsində olub, onların sevincini bölüşüb.
Qazandığı yüksək nəticəni illərlə çəkdiyi zəhmətin bəhrəsi kimi dəyərləndirən Ayxan Babazadə bildirir ki, bu uğurun arxasında böyük əzm, fədakarlıq və yuxusuz gecələr dayanır.
“Bu yolda mənə inanan, dəstək olan ailəmə, yaxınlarıma və müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Onların etimadını doğrultduğum üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm. Bu nəticəni əldə etmək heç də asan olmadı. Bunun üçün çox çalışdım, yuxusuz gecələr keçirdim, böyük əziyyətə qatlaşdım. Amma sonda bütün bu zəhmətin bəhrəsini görmək mənə böyük sevinc bəxş etdi”, - deyə gənc məzun qeyd edib.
Gələcək planlarından da danışan Ayxan bildirir ki, hüquq sahəsində təhsil almaq və hüquqşünas kimi fəaliyyət göstərmək istəyir: “İnsanların hüquqlarını qorumaq, onlara kömək etmək mənim üçün çox dəyərli və vacibdir. İnsanlar üçün faydalı olmaq mənə böyük motivasiya verir. Bundan sonra da uğurlarımın davamlı olması üçün daha çox çalışacağam. Arzum budur ki, gələcəkdə daha böyük nailiyyətlər əldə edim və seçdiyim sahədə cəmiyyətə faydalı bir insan olum”.
Ayxan Babazədənin qazandığı böyük uğurun arxasında həm də ona inanan, hər addımında yanında olan ailəsinin dəstəyi dayanır. Bu sevincin ən böyük şahidləri də məhz övladlarının nailiyyətini öz qələbələri kimi yaşayan valideynləridir. Onlarla söhbət zamanı bir daha aydın olur ki, bu uğur illərlə davam edən zəhmətin, qarşılıqlı inamın və güclü ailə dəstəyinin nəticəsidir.
Atası Asiman Babayev oğlunun uğurundan böyük qürur hissi yaşadığını deyir: “Oğlumla fəxr edirəm, qürur duyuram. Onu Vətənə, millətə faydalı bir hüquqşünas kimi yetişdirmək istəyirəm. Bu, həm də onun uşaqlıqdan qurduğu ən böyük arzusudur. Şükürlər olsun ki, bu gün həmin arzunun gerçəkləşməsinə bir addım daha yaxınlaşdı. Bu uğurun arxasında çox böyük zəhmət, yuxusuz gecələr və sonsuz əziyyət dayanır. Oğlum bu nəticəni qazanmaq üçün böyük fədakarlıq göstərdi. Biz də ailə olaraq bu çətin, amma şərəfli yolda daim onun yanında dayandıq, əziyyətinə şərik olduq”.
Ata bildirir ki, yaşadığı sevinci sözlə ifadə etmək mümkün deyil: “Arzu edirəm ki, bütün valideynlər bu cür qürur və sevinc hissini yaşasınlar. Eyni zamanda oğlumun müəllimlərinə dərin təşəkkürümü bildirirəm. Güclü biliyə malik müəllimlər olmasaydı, uşaqların da bu cür yüksək nəticələr əldə etməsi mümkün olmazdı”.
Ayxanın anası Zəhra Vəliyeva üçün isə bu uğur xüsusi mənəvi dəyər daşıyır: “Oğlumun bu nailiyyəti mənim üçün böyük bir qələbədir. Ona “Səninlə fəxr edirəm” - demək belə azdır. Sən mənim bu həyatda ən dəyərli, ən gözəl əsərimsən. Sən öz zəhmətin, əzmkarlığın və biliyinlə bütün məktəblilərə örnək oldun. Bu sevinc yalnız ailəmizin deyil, bütün müəllimlərinin və sənə dəstək olan hər kəsin sevincidir. Oğlum, səninlə sonsuz qürur duyuram. Uğurların daim olsun”- deyə sevinc göz yaşları içərisində Zəhra xanım fikirlərini tamamlayır.
Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbinin məzunu Ayxan Babazadənin əldə etdiyi bu nəticə bir daha göstərir ki, məqsədə doğru inamla addımlayan, zəhmətdən çəkinməyən gənclər ən yüksək zirvələri fəth edə bilərlər. Onun uğur hekayəsi bu gün minlərlə məktəbli üçün güclü motivasiyaya, ilham mənbəyinə çevrilib.
Müxbir- Nail Əsgərov





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.