AZ

Erməni jurnalistdən Qarabağla bağlı SENSASİON ETİRAFLAR

Birinci Qarabağ müharibəsi ilə bağlı illərdir formalaşdırılan “məğlubedilməz erməni ordusu” mifinin arxasında tamam fərqli reallıqların dayandığı iddia olunur.

Musavat.com xəbər verir ki, Ermənistanda tanınmış araşdırmaçı jurnalist Roman Boqdasaryan son çıxışında 1993-cü ildə cəbhədə baş verən hadisələrin indiyə qədər gizlədilən tərəflərini açıqlayıb.

Onun sözlərinə görə, həmin dövrdə erməni qüvvələrinin uğuru hərbi üstünlükdən yox, Azərbaycandakı daxili siyasi böhran və hakimiyyət savaşından qaynaqlanıb.

Boqdasaryan bildirir ki, 1993-cü ilin iyun ayının əvvəllərində Qarabağ cəbhəsində vəziyyət ermənilər üçün olduqca ağır idi. Onun iddiasına görə, Azərbaycan ordusu Ağdərə istiqamətində ciddi irəliləyiş əldə etmiş, Xankəndiyə qədər yaxınlaşmışdı. Ermənilər isə artıq panika vəziyyətində idilər. Jurnalist həmin dövrdə Ermənistan və Qarabağ mediasında “möcüzəvi qələbə” kimi təqdim edilən hadisələrin arxasında fərqli səbəblərin dayandığını deyir.

Araşdırmaçı xüsusilə o dövrdə Azərbaycan ordusunun korpus komandiri olan Surət Hüseynovun roluna diqqət çəkir. O iddia edir ki, məhz Surət Hüseynovun rəhbərlik etdiyi qüvvələrin cəbhədən geri çəkilməsi Qarabağdakı vəziyyəti tam dəyişib. Boqdasaryanın sözlərinə görə, Azərbaycan ordusunun böyük hissəsi Qarabağdan çıxaraq Gəncə istiqamətinə yönəlib və ölkədə faktiki çevriliş prosesi başlayıb.

Jurnalist qeyd edir ki, həmin günlərdə Azərbaycan daxilində hakimiyyət böhranı yaşanırdı. Surət Hüseynovun Bakıya yürüşü fonunda prezident Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə gedib. 

ghfghfgh.JPG

Boqdasaryan iddia edir ki, məhz bu daxili qarşıdurma səbəbindən Qarabağ cəbhəsində koordinasiya dağılıb, bir çox mövqelər boş qalıb və erməni qüvvələri bundan istifadə edərək əks-hücuma keçiblər. Onun fikrincə, sonradan “parlaq hərbi qələbə” kimi təqdim olunan əməliyyatların arxasında əslində Azərbaycandakı siyasi xaos dayanırdı.

Erməni jurnalistin bu çıxışı Ermənistanda da müzakirələrə səbəb olub. Çünki o, açıq şəkildə Qarabağ müharibəsində formalaşdırılmış qəhrəmanlıq miflərini sual altına qoyur və hadisələrin siyasi tərəflərinə diqqət çəkir.

Tarixçilər isə hesab edir ki, 1993-cü il hadisələri Azərbaycanın ən kritik dövrlərindən biri olub. Həmin illərdə həm cəbhədə, həm də ölkə daxilində baş verən proseslər Qarabağ müharibəsinin taleyinə birbaşa təsir göstərib.

Musavat.com


Seçilən
26
musavat.com

1Mənbələr