ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Son illərdə süni intellekt təhsil prosesinə sürətlə inteqrasiya olunur və bu, həm müəllimlərin, həm də tələbələrin iş üsullarını dəyişdirir. “ChatGPT” kimi alətlər məlumat əldə etməyi asanlaşdırsa da, onların həddindən artıq istifadəsi öyrənmə və düşünmə bacarıqlarına təsiri ilə bağlı suallar doğurur. Bu texnologiyalar təhsildə fərdi yanaşmanı gücləndirə bilər, lakin eyni zamanda asılılıq riskini də artırır. Buna görə də süni intellektin təhsildə rolu və sərhədləri ciddi müzakirə mövzusuna çevrilib.
Süni intellekt təhsildə bilik əldə etmə prosesini sürətləndirir, yoxsa əsas anlayışların dərin mənimsənilməsini zəiflədir? Təhsil sistemində qiymətləndirmə metodları süni intellekt dövrünə uyğun şəkildə dəyişdirilməlidirmi?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “AzPolitika”ya açıqlamasında bildirib ki, süni intellektin təhsil sisteminə inteqrasiyası sadəcə texnoloji yenilik deyil, həm də fundamental transformasiyadır. Bu, çox ciddi paradiqma dəyişikliyidir.
Onun sözlərinə görə, bu transformasiya fərdiləşdirilmiş təhsil imkanları yaratsa da, fundamental akademik vərdişlərin itirilməsi və qiymətləndirmə böhranı riskini də özü ilə bərabər gətirir:“Süni intellektin generativ alətləri, məsələn, ChatGPT və.s. məlumatın filtrasiyası və strukturlaşdırılması prosesini sürətləndirir. Lakin bu sürət təhsilin ən vacib idrak zəhmətini aradan qaldırır. Belə ki, tələbə və ya şagird araşdırma zamanı fərqli mənbələri oxumur, müqayisə etmir və sintez prinsiplərini öyrənmir. Hazır sintez olunmuş məlumatın istehlakı isə səthi öyrənməyə səbəb olur. Bir çox elmi araşdırmalar göstərir ki, beyin məlumatı xatırlamaq və anlamaq üçün çətinlik çəkdiyi zaman neyron əlaqələri daha da güclənir. Süni intellekt isə bu çətinliyi aradan qaldıraraq uzunmüddətli yaddaşın formalaşmasını zəiflədir. Nəticədə gənc nəsil doğru və yanlış məlumatı şəxsi məntiq süzgəcindən keçirmək əvəzinə, alqoritmlərin nəticələrini kor-koranə qəbul etməyə meyilli olur”.
İ.Orucov əlavə edib ki, süni intellekt etik yanaşmaları da müəyyən qədər diktə edir. Bu yaxınlarda süni intellektlə bağlı çox mühüm bir kitabımız təhsil ictimaiyyətinin istifadəsinə təqdim olundu. Həmin kitabda mövzuya dair yanaşmalar daha geniş və elmi şəkildə tədqiq edilmişdi
“Ənənəvi qiymətləndirmə metodları - ev tapşırıqları, esse yazıları və digər yazılı işləri süni intellekt vasitəsilə müəyyən mənada funksionallığını itirib. Buna görə də təhsil müəssisələri süni intellekti qadağan etmək yox, qiymətləndirmə arxitekturasını yenidən qurmaq məcburiyyətindədirlər. Burada əsas məsələ qadağa deyil, süni intellektdən düzgün istifadə vərdişinin formalaşdırılmasıdır. Müəllimlər və pedaqoji heyət də bu texnologiyalarla bağlı kifayət qədər məlumatlı olmalıdırlar ki, şagird və tələbələrə düzgün istiqamət verə bilsinlər”, - deyə o bildirib.
Ekspert hesab edir ki, yekun biliyin summativ qiymətləndirilməsindən müəyyən qədər imtina edilməlidir.
Onun fikrincə, tələbənin layihə üzərində işləyərkən nümayiş etdirdiyi addımlar, dərs prosesindəki aktivliyi və analitik yanaşması əsas götürülməlidir: “Şagird və tələbələr nəzəri bilikləri evdə süni intellekt vasitəsilə öyrənə bilərlər. Lakin qiymətləndirmə sinifdə debat, şifahi arqumentasiya və süni intellektin hazırladığı materialın tənqidi təhlili üzərindən aparılmalıdır. Müəllimlərin peşəkarlığı burada xüsusi əhəmiyyət daşıyır. Tapşırıqlar elə hazırlanmalıdır ki, tələbə süni intellektdən aldığı cavabı sadəcə köçürməsin, onun üzərində işləsin və öz analitik düşüncəsini ortaya qoya bilsin. Tələbələr süni intellektin verdiyi cavablardakı məntiqi səhvləri aşkar etməyi və onları analitik hesabat formasında təqdim etməyi bacarmalıdırlar.
İ.Orucov sonda qeyd edib ki, ümumilikdə, süni intellektdən qaçmaq və rəqəmsallaşmadan kənarda qalmaq mümkün deyil: “Əsas məsələ süni intellekti qadağan etmək deyil, istifadənin etik çərçivələrini düzgün müəyyənləşdirməkdir. Əsas hədəf tələbələrin bu texnologiyadan asılı vəziyyətə düşməsi yox, onunla əməkdaşlıq etməyi öyrənməsidir. Süni intellektdən istifadə və əməkdaşlıq mədəniyyəti düzgün şəkildə aşılanmalıdır”.
Oğuz Ayvaz
“AzPolitika. info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.