AZ

Yeni Cənubi Qafqaz gerçəkliyi

III MƏQALƏ

Sülhün üstünlükləri

Bu mövzuda öncəki məqalədə Azərbaycan Prezidentinin vurğuladığımız bir fikrini təkrar xatırlatmaq istərdik: “Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”. Siyasi baxımdan sülhün üstünlüklərini görmək siyasi-diplomatik fəaliyyət kontekstində regional sülh gündəliyinin yeni mərhələsinə başlamaq deməkdir. Onun bütövlükdə dünya üçün siyasi və geosiyasi əhəmiyyəti dövlət başçısının aşağıdakı fikirlərində yığcam ifadə edilmişdir.

Azərbaycan lideri XIII Qlobal Bakı Forumunda bəyan etmişdir: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.

Belə bir vəziyyətin yaranmasının təməlində bir sıra faktorlar (dəyərlər) dayanır. Onların sırasında Azərbaycan liderinin regiondakı ölkələrin siyasi dairələrini və onları himayə edənləri sülhdən başqa çıxış yolunun olmadığına inandırmaq ayrıca yer tutur. Məsələnin bu tərəfi liderlik aspektində çox önəmlidir.

Liderin inandırma gücü

Hələ keçən əsrin 80-90-cı illərində Qərbdə, ümumiyyətlə, “inandırma etikası” adlı bir istiqamətə ciddi diqqət yetirilirdi (məsələn, Uilyam Uitkoff). Burada başlıca prinsip mənəviyyatla, əxlaqla fəaliyyətin münasibətləri fonunda alınan qərarlar və onlara başqalarını inandırmaq qabiliyyəti ilə bağlıdır. U.Uitkoff hesab edirdi ki, mütləq dəyərlərə özünün müqəddəs borcu kimi əməl etmək ayrıca əhəmiyyət kəsb edir.

Bu zaman fikrini ifadə edənin dinləyənlərin hansı reaksiya verdiyi deyil, özünün daxili mənəvi-əxlaqi, psixoloji və ideoloji özəlliklərini tam səmimiyyət və şəffaflıqla izah etməsi əsas yer tutur.

Yəni o cümlədən lider nəticədən asılı olmayaraq əqidəsinə, mənəvi qanununa və daxili inamına maksimum dərəcədə sadiq qalmalıdır. Buradan inandırma etikasının bir mühüm prinsipi yaranır: “davranışlar əqidə ilə müəyyən olunur, yəni səmimilik, ədalətlilik və inamla. Bu şərt isə avtomatik olaraq sərfəlilik faktorunu arxa plana atır.

Bəlkə də U.Uitkoffun yanaşmasında bir mütləqiyyət (absolyutizm) vardı. Lakin liderliyə inandırma etikasının tətbiqində vurğulanan məqamlar əhəmiyyətli yer tutmalıdırlar. O cümlədən, Cənubi Qafqaz elə qarışıq və əsrlərlə ədalət yolundan saptırılmış bir geosiyasi, siyasi, mədəni və ideoloji məkandır ki, onu yeni səviyyəyə yalnız liderin güclü inandırma etikası çıxara bilərdi. İlham Əliyev siyasi fəaliyyət təcrübəsi və konseptual yanaşması ilə bu tezisi tam sübut etmişdir!

Prezident İlham Əliyev yuxarıda vurğuladığımız fəaliyyət pinsipləri və daxili əminliyi sayəsində həm region dövlətlərinin siyasi dairələrini, həm də onlara havadarlıq edən güclü siyasilərini sülh gündəliyinin hər kəsə faydalı olduğuna inandıra bildi. Əlbəttə, Azərbaycan liderinin bu keyfiyyətə malik olmasında ulu öndər Heydər Əliyevin rolu çox böyükdür.

Çünki ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox ağır olan bir dönəmdə özünün yüksək inandırma etikası sayəsində ölkəni, dövləti və cəmiyyəti kəskin böhran şəraitindən xilas edə bildi. Yəni Heydər Əliyev müasir mərhələdə Azərbaycan siyasi təcrübəsində inandırma etikasının özünəməxsus nümunəsini hazırlamışdır. Prezident İlham Əliyev bu siyasi təcrübəni uğurla sürətlə dəyişən situasiyalarda inkişaf etdirir.

Azərbaycanın sülh təcrübəsinin regional miqyasa proyeksiyası baxımından burada prinsipial xarakterli məqamlar mövcuddur. Onlar siyasi-diplomatik aspektdə çox vacib bir xüsusiyyəti ifadə edirlər. Həmin xüsusiyyətin bütövlükdə dünyanı sülhə inandırmaq baxımından ciddi rol oynadığını düşünürük. Dövlət başçısının forumdakı nitqində ifadə etdiyi aşağıdakı fikirlərdən onu görmək mümkündür.

Vasitəçilərsiz sülh

İlham Əliyev XIII Qlobal Bakı Forumunda demişdir: “Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq”.

Tarixi və siyasi aspektdə əhəmiyyəti misilsiz olan təcrübədir. O, faktiki olaraq, qlobal geosiyasi düzəni və siyasi-hüquqi normaları təftiş etməyin zəruriliyini ortaya qoyan hadisədir. Çünki İkinci Dünya müharibəsindən sonra yaradılan əsas beynəlxalq institutların münaqişələrin dinc yolla həllində aparıcı yer tutmaları nəzərə alınmışdı. BMT bunun başlıca nümunəsidir. Avropa İttifaqı tam formalaşandan sonra onun da struktur tərkibində barışdırıcı, sülhü təminedici xüsusi struktur vahidləri yaradıldı. Məsələn, ATƏM və sonra ATƏT.

Lakin praktika sübut edirdi ki, vurğulanan beynəlxalq təşkilatlar heç də həmişə ədalətli, obyektiv və beynəlxalq hüquq normalarına tam uyğun fəaliyyət göstərə bilmirdilər. Buna baxmayaraq, güclü dövlətlər (əsasən BMT TŞ-nin daimi üzvləri) bu psevdosülh gündəmini dəyişməyə imkan vermirdilər. Hər hansı münaqişə meydana gələndə BMT və ya Aİ təşəbbüsü ələ alır və sonra problemi ədalətlə həll etmək əvəzinə konkret dairələrin marağına uyğun vəziyyəti “fırladırdılar”.

Bununla beynəlxalq vasitəçilik öz gerçək mahiyyətini itirərək sülh, barış və əməkdaşlıq yaratmaq əvəzinə süründürməçilik, qondarma imitasiyalar və “vasitəçilik ilğımı” yaratmaqla məşğul olmağa başlamışdı.

Bunun nümunəsini Balkanlarda və Cənubi Qafqazda gördük. Balkanlarda NATO təşəbbüsü ələ aldı, Cənubi Qafqazda isə nə Azərbaycan, nə də Gürcüstanın ərazi bütövlüyünü “vasitəçilik” təmin edə bilmədi. Daha pis mənzərəni indi Ukrayna-Rusiya müharibəsini dayandırmaqda görmək olar. ABŞ/İsrail-İran müharibəsi isə bu baxımdan vasitəçilikdən məhrum bir prosesi xatırladır. BMT bununla bağlı müraciətlərə sıfır səmərə ilə baxır – sözdən başqa bu təşkilatın heç nəyi qalmamışdır.

İndi Azərbaycan Prezidentinin vurğuladığı siyasi təcrübə kontekstində vasitəçilərsiz sülhə nail olmağın fəlsəfəsi və siyasi-nəzəri anlamına diqqət edək. Burada Azərbaycan Prezidentinin “dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlamalıyıq” qərarının semantik izahı əsas rol oynamalıdır.

3 hədəf

Birincisi, Azərbaycan dünyada yeganə dövlət oldu ki, özünü beynəlxalq vasitəçilər kimi təqdim edən ATƏT-in Minsk qrupunun əsl simasını açdı. Aydın oldu ki, onlar həmişə süni oynamışlar. Əsas məqsədləri isə təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hökmranlığını beynəlxalq hüquq müstəvisində “qanuniləşdir”məkdən ibarət olmuşdur. Azərbaycanın bu maskanı “yırtması” ümumilikdə müasir mərhələdə beynəlxalq vasitəçilik modelinin ən neqativ tərəfini dünyaya göstərdi. Nəticədə, sözün həqiqi mənasında, beynəlxalq vasitəçilik mexanizmi tarixinin ən böhranlı dönəmini yaşayır – heç bir ciddi siyasi lider onun faydalı olduğuna inanmır.

İkincisi, saxta vasitəçiliyin çöküşü fonunda Azərbaycan rəhbərliyi öncə region dövlətlərinə və daha sonra dünyaya sübut etdi ki, hərb meydanında qalib gəlmiş dövlət postmüharibə mərhələsində sülh yaradıcısı ola bilər. Bunun sübutunu hamı bilir: məhz Azərbaycan Prezidentinin səmimi, ədalətli, haqlı və o dərəcədə də hüquqi mövqeyində israr etməsi regionda sülh gündəliyinin real məzmun almasında həlledici rol oynadı. İndi Ermənistan əsas olaraq Azərbaycana inanır və sülh məsələsində Bakının ədalətli mövqeyinə ümid edir. Rəsmi İrəvanın Azərbaycanın yaratdığı regional sülh gündəminə inanmasında qardaş Türkiyənin də rolu böyükdür. Bu prosesin sülh müqaviləsinin imzalanmasına aparacağına hazırda çoxları əmindir.

Üçüncüsü, Azərbaycan Prezidenti faktiki olaraq müasir dünya geosiyasəti və siyasi-diplomatik təcrübəsinə “vasitəçisiz barış və sülh” anlamını gətirmişdir. Bu, qlobal miqyasda mühüm siyasi anlamı olan prosesdir. Əvvəllər münaqişə edən tərəflər başqalarının insafına, diplomatik məharətinə və hüquqa münasibətinə ehtiyac duyurdular. Azərbaycan təcrübəsi isə göstərir ki, müasir qarışıq qlobal geosiyasi mühitdə müstəqil dövlətlərin özləri ixtilafa son qoyaraq dinc, yanaşı yaşamağın üsullarını və mexanizmlərini axtarmalıdırlar. Bu, müstəqil, lakin dövlət gücü baxımında ranqı fövqəlgüclərdən aşağı olan dövlətlərin siyasi-diplomatik dairələri üçün özünəinam baxımından çox gərəkli nümunədir.

Regional sülh gündəminin vurğuladığımız üç aspektinin başqa bir çox vacib məsələyə təsiri aktualdır. Çünki vasitəçilərsiz barış və sülh avtomatik olaraq Prezident İlham Əliyevin böyük önəm verdiyi geniş geosiyasi məkanda ölkələrin bir-birinə bağlılığı sisteminin məzmunca transformasiyası məsələsinin dərkini gündəmə gətirir.

Dövlət başçısı forumda bununla bağlı ifadə etmişdir: “Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır”.

Məsələyə bu cür yanaşma regional sülh gündəminin iki vacib aspektini önə çəkir.

Birincisi, region daxilində bağlılığın xüsusiyyətləri.

İkincisi, böyük güclərin həmin bağlılığı qiymətləndirməsi və onun qlobal miqyasa proyeksiyası mümkünlüyünün konseptual “ölçülməsi”.

Birinci aspekt bütövlükdə Cənubi Qafqaz regionunda yerləşən ölkələrin sülh, barış və əməkdaşlıq naminə bir-birinə bağlılığın geosiyasi və siyasi mexanizmlərini razılaşdırmalarını aktuallaşdırır.

İkinci aspekt isə böyük güclərin bu yeni regional mənzərəni qəbul edib-etməmələri ilə əlaqəlidir.

Hər iki aspekt sülh gündəliyinin davamlılığı baxımından çox əhəmiyyətlidir və onların vəhdətinin formalaşdırılması olduqca əhəmiyyətli məqamdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Seçilən
48
xalqqazeti.az

1Mənbələr