Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib. İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Posthibrid informasiya müharibəsi” və süni intellekt: Azərbaycançılıq və dövlətçilik konteksti” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçinin sözlərinə görə, “hibrid müharibə”ni müxtəlif cür izah edirlər və onun hətta qədimdən mövcud olduğunu yazırlar. Lakin çağdaş dövr üçün hibrid müharibə müasir texnologiyaların və süni intellektin geniş istifadə edildiyi, həm də konvensional (adi) silahlardan istifadə ilə həyata keçirilən sinkretik (qarışıq) müharibə növüdür.
Füzuli Qurbanov bildirib ki, Azərbaycan müasir mərhələdə “posthibrid informasiya müharibəsi”nin hədəflərindən biridir. Müxtəlif istiqamətlərdə dövlət, ölkə və cəmiyyətə qarşı təxribat və dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu halda süni intellektin imkanlarından istifadə edirlər. Onlar fəaliyyətlərini ciddi işlənmiş siyasi kurslar, ideoloji doktrinalar və kibervasitələr ilə əlaqələndirirlər.
“Nəticədə belə mənzərə yaranır ki, müəyyən dairələr Azərbaycana sistemli, asimmetrik və davamlı informasiya təsirləri göstərməkdədir. Azərbaycan daha da gücləndikcə və nüfuzu artdıqca həmin dairələrin də aqressivliyi artır. Bunun səngiməsi ehtimalını çox aşağı qiymətləndiririk. Əksinə, Azərbaycan müstəqil dövlət kimi, TDT isə təşkilat olaraq daha da gücləndikcə qarşı tərəfin yeni üsullara əl atacağı istisna deyildir”, - deyən məruzəçi vurğulayıb ki, “posthibrid informasiya” ilə mübarizə dövlət üçün strateji əhəmiyyət kəsb edən məsələyə çevrilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Ölkə rəhbərinin Xaqani Şirvaninin və Əcəmi Naxçıvanin 900 illik yubileylərinin qeyd olunması haqqında sərəncamlarına dair Tədbirlər planının icra vəziyyəti haqqında söz açılıb.
Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi haqqında müzakirələr olub. İclasda bölmənin elmi-tədqiqat müəssisələrinə daxili imkanlar və mövcud ştat vahidi hesabına rəqəmsallaşma üzrə direktor müavinləri təyin olunması məsələsi də müzakirə edilib. Tarix elmləri doktoru İlqar Niftəliyevin Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun Arxeologiya və Antropologiya İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılovun Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsallaşma üzrə direktor müavinləri vəzifəsinə təyin edilməsi məsələləri müzakirə olunub. Qeyd edilən məsələlərlə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda AMEA-nın müxbir üzvləri Vəli Əliyevin, Fəridə Məmmədovanın, Zakir Məmmədovun 90 illik yubileylərinin, AMEA-nın müxbir üzvü Aydın Məmmədovun 85 illiyinin qeyd edilməsi haqqında qərar qəbul olunub.








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.