AZ

10 övladlı ailənin Xocalıya qayıdışı: Doğma yurdda yeni həyat başlayır – FOTOLAR

Mayın 16-da Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçdü. 

Uzun illər doğma torpaqlarından ayrı düşən Budxanovlar ailəsi bu gününün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır.

Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə xoş duyğular yaradıb.

Anar Buludxanov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının  ən böyük sevinc, qürur olduğunu deyib.

Bu gün Xocalıda yaşanan bu mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və "Böyük Qayıdış" proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir.

Xocalının Təzəbinə kəndində məskunlaşan Buludxanovlar  ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur.

Bu qayıdış, həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.

İşğaldan azad olunan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma  yurdlarda yenidən eşidilir.

Seçilən
24
9
cebheinfo.az

10Mənbələr