AZ

Risklərin idarə edilməsi: Banklar buna hazırdır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda stres-testlərin aparılması Qaydası"nı təsdiq edib.

Bildirilir ki, məqsəd "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılmasıdır.

Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.

Əlavə olaraq, bu qaydaya uyğunlaşdırma istiqamətində "Banklarda korporativ idarəetmə Standartları"nda, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda, "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nda, "Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası"nda və "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər də təsdiq edilib.

Azərbaycanda banklar indiki iqtisadi risklərə nə qədər hazırdır? Yeni qaydalar bank sistemində hansı boşluqları aradan qaldırmağa hesablanıb?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, banklar riskləri əvvəlcədən düzgün qiymətləndirməlidir ki, gözlənilməz vəziyyətlərdə problem yaranmasın:

"Hazırda Azərbaycanda banklar hansısa iqtisadi risklərə tam hazır deyil, amma o risklərin reallaşması sual altındadır. Məsələn, 2015-ci ildə gördük ki, bankların xeyli hissəsi milli valyutanın devalvasiyası riskinə hazır deyildilər. Buna görə də xeyli problemlər yarandı.

İndi isə əsas məsələ odur ki, banklar bu cür risklərə nə qədər hazırdır? Bu sualın cavabını stres-testlər verməlidir. Stres-testlər banklara müxtəlif çətin ssenariləri əvvəlcədən yoxlamağa imkan verir. Məsələn, əgər yenidən devalvasiya olarsa, banklar nə edəcək? Yaranan zərəri necə qarşılayacaq?

Burada bir neçə vacib sual ortaya çıxır, kreditlər vaxtında geri qayıdacaqmı, müştərilər ödənişləri edə biləcəkmi, banklar əmanətləri problemsiz qaytara biləcəkmi?

Eyni zamanda banklar üçün likvidlik məsələsi də önəmlidir. Bəzən banklarda pul çatışmazlığı yarana bilər, bəzən isə əksinə, çox pul olar amma kredit verən az olar. 

Bu da həm bankın qazancına, həm də əmanətlər üzrə faizlərin ödənilməsinə təsir edir".

Ekspert qeyd edib ki, banklar müxtəlif iqtisadi vəziyyətlərə hazır olmalıdır:

"Böyük banklarımız bu risklərə daha çox hazır olmalıdır, nəinki orta və kiçik banklar. Ümumilikdə bank sektoru üçün əsas məsələ risklərin əvvəlcədən düzgün qiymətləndirilməsidir.

Çünki iqtisadi şoklar, xüsusilə valyuta dəyişiklikləri, kreditlərin qaytarılmasına və müştərilərin ödəniş qabiliyyətinə birbaşa təsir edir.

Stres-testlərin əsas məqsədi mümkün risk ssenarilərini əvvəlcədən görmək və bankların bu vəziyyətlərdə nə qədər dayanıqlı olduğunu yoxlamaqdır". 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

Bank Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
1
cebheinfo.az

2Mənbələr