AZ

Azərbaycan şirkəti “Taliban”la 20 milyon dollarlıq müqavilə imzaladı

Azərbaycan şirkəti Əfqanıstanın şimalında yerləşən Kunduz vilayətindəki “Qala-e-Zal” qızıl yatağının istismarı ilə bağlı müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, müqavilə regionda həm iqtisadi, həm də siyasi diqqəti yenidən Əfqanıstanın yeraltı sərvətlərinə yönəldib.

20 milyon dollardan artıq dəyəri olan 5 illik saziş Azərbaycan və Qırğızıstan şirkətlərini bu yüksək riskli, lakin potensial baxımdan zəngin mədən sektoruna daxil edir.

Əfqanıstanın mədən və neft sənayesi üzrə nazirliyinin açıqlamasına görə, müqavilə ölkəni faktiki idarə edən Taliban rejiminin mədən sənayesi və neft naziri Hidayətullah Bədri tərəfindən imzalanıb. İmza mərasimində Azərbaycan və Qırğızıstanın diplomatik nümayəndələrinin iştirakı da qeyd olunur ki, bu detal layihəyə yalnız iqtisadi deyil, həm də siyasi çalarlar əlavə edir. Layihənin icrasında Azərbaycan tərəfini “Reef Group” (LLC) təmsil edir. Müqavilə üzrə ikinci tərəf kimi Qırğızıstanın “Subhan Momand Company” şirkətinin adı çəkilir.

2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq arenada rəsmi tanınma əldə edə bilməyən “Taliban” administrasiyası ölkənin iqtisadi sektorunu əsasən ikitərəfli və qeyri-formal kanallar üzərindən inkişaf etdirməyə çalışır. Mədən sənayesi isə bu strategiyanın əsas sütunlarından biri kimi görünür. Əfqanıstanın zəngin qızıl, mis və litium ehtiyatları uzun illərdir xarici investorların maraq dairəsində olsa da, təhlükəsizlik riskləri və hüquqi qeyri-müəyyənlik səbəbindən bir çox layihə ya dondurulub, ya da məhdud formatda həyata keçirilir.

Azərbaycan şirkətinin bu layihədə iştirakı diqqət çəkən məqam kimi qiymətləndirilir. Əfqanıstanda mədən sektoruna giriş asan hesab olunmur. “Qala-e-Zal” kimi yataqların istismarı regionda iqtisadi güc balansını dəyişə biləcək potensiala malikdir. Bu səbəbdən belə müqavilələr biznes sənədi olmaqla yanaşı, geosiyasi siqnal kimi oxunur.

Azərbaycan şirkətinin Əfqanıstanda fəaliyyəti regionda yeni iqtisadi xəritənin tədricən formalaşdığının göstəricisi hesab olunur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr